ABŞ Prezidenti Donald Trampın İranla danışıqların aparıldığına dair açıqlamalarına Tehran tərəfindən sərt cavab verilib.
Sfera.az xəbər verir ki, İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü, polkovnik-leytenant İbrahim Zülfüqari bu iddiaları qəti şəkildə təkzib edib.
ABŞ-İsrail və İran arasında davam edən müharibənin 26-cı günündə tərəflər arasında informasiya savaşı da daha da kəskinləşib. Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp İranın danışıqlara hazır olduğunu iddia edərək, “Onlar bizimlə razılaşmaq istəyirlər. İranın raketləri tükənib. Müharibəni biz qazandıq”,- deyə bildirib.
Bu açıqlamalardan dərhal sonra İran tərəfi reaksiya verib. Fars xəbər agentliyinə danışan Zülfüqari Vaşinqtonun mövqeyini tənqid edərək, ABŞ-nin döyüş meydanındakı uğursuzluğunu “razılaşma” kimi təqdim etdiyini bildirib.
O, həmçinin ABŞ rəhbərliyinə istehzalı müraciət edərək, “Daxili qarşıdurmalarınızın səviyyəsi özünüzlə danışıqlar aparacaq həddə çatıb?” ifadəsini işlədib.
İran rəsmisi vurğulayıb ki, ölkəsinin mövqeyi dəyişməz olaraq qalır və hər hansı uzlaşma məsələsi gündəmdə deyil. O, sonda qeyd edib ki, İran heç vaxt ABŞ ilə razılaşmayıb və bundan sonra da belə bir addım atmayacaq.
Bəsti Rəfizadə
Sfera.az