Gənc futbolçu Kubilay Kaan Kundakçının qətli ilə bağlı başladılan istintaq çərçivəsində həbs edilən müğənni Aleyna Kalaycıoğlunun məşhur mahnısı “YouTube” platformasından silinib.
Sfera.az xəbər verir ki, istintaq materiallarına əsasən, prokurorluq tərəfindən aparılan araşdırmalar yekunlaşdıqdan sonra Aleyna Kalaycıoğlu, Alaattin Kadayıfçıoğlu, İzzet Yıldızhan da daxil olmaqla ümumilikdə 7 nəfər şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, 28 yaşlı müğənninin “Gidesim Var” adlı mahnısına “YouTube”da giriş məhdudiyyəti tətbiq olunub. Qısa müddətdə 9 milyondan çox baxış toplayan video platformadan silinib. Bildirilib ki, videonun silinməsi müəllif hüquqları ilə bağlı müraciət əsasında həyata keçirilib.
İddiaya görə, “Canbay & Wolker” qrupunun üzvü Vahap Canbay keçmiş münasibətdə olduğu Aleyna Kalaycıoğlu ilə barışmaq istəyib və bu məqsədlə dostu, 21 yaşlı futbolçu Kubilay Kundakçıdan kömək istəyib. Kundakçı Vahap Canbay və digər şəxslərlə birlikdə müğənninin olduğu studiyanın qarşısına gəlib.
Qrup avtomobildə gözlədiyi zaman hadisə yerinə lüks avtomobillərlə gələn silahlı şəxslər tərəfindən hücum həyata keçirildiyi bildirilib. Şübhəlilərdən Alaattin Kadayıfçıoğlu avtomobildə olan şəxslərə atəş açıb.
Ağır yaralanan Kubilay Kundakçı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Bəsti Rəfizadə
Sfera.az