Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq reytinqlərdə növbəti uğura imza atıb.
Sfera.az xəbər verir ki, universitetin rektoru Rüfət Əzizovun yaydığı məlumata görə, QS (Quacquarelli Symonds) reytinq agentliyinin 2026-cı il üzrə fənn sahələri reytinqində ADNSU iki istiqamət üzrə qlobal siyahıya daxil olub.
Bildirilib ki, universitet “Neft mühəndisliyi” ixtisası üzrə 101-150-ci yerlər arasında qərarlaşıb. “Kompüter elmləri və informasiya sistemləri” istiqaməti üzrə isə ADNSU 451-500-cü yerlər aralığında yer alıb.
Qeyd olunub ki, “Kompüter elmləri və informasiya sistemləri” sahəsi üzrə universitet ilk dəfədir ki, QS reytinqinə daxil olur. Bu istiqamət üzrə qlobal rəqabətin yüksək olması səbəbindən siyahıya düşmək xüsusi əhəmiyyət daşıyır.
Rektor vurğulayıb ki, əldə olunan nəticələr ADNSU-nun ənənəvi olaraq güclü olduğu sahələrdə mövqeyini qoruduğunu, eyni zamanda yeni istiqamətlərdə də sürətlə inkişaf etdiyini göstərir.
Məlumata əsasən, reytinq üçün müraciət edən 6200-dən çox universitetdən yalnız 1912-si siyahıya daxil ola bilib.
Rüfət Əzizov universitetin tədqiqatçılarını və müəllim heyətini bu mühüm nailiyyət münasibətilə təbrik edib.
Bəsti Rəfizadə
Sfera.az