ABŞ prezidenti Donald Trampın mümkün sülh danışıqları ilə bağlı planları İsraildə ciddi narahatlıq doğurub. İsrail rəsmiləri Trampın ölkənin maraqlarını nəzərə alacağına inansa da, mümkün razılaşma üçün hansı səviyyədə güzəştə gedəcəyi sual altındadır.
Sfera.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, qapalı qapılar arxasında aparılan müzakirələrdə İsrail tərəfi Trampın razılaşmaya maraq göstərdiyini düşünür. Lakin ABŞ-nin təklif etdiyi 15 maddəlik planın gələcək danışıqlar üçün əsas çərçivə rolunu oynaya biləcəyi və bu çərçivədə bir aylıq atəşkəs ehtimalı İsraildə əlavə narahatlıq yaradıb.
İsrailin əsas narahatlıqlarından biri İranın 60 faiz zənginləşdirilmiş, təxminən 450 kiloqram uran ehtiyatının taleyi ilə bağlıdır. Bu ehtiyatın üçüncü bir ölkəyə, yoxsa Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) təhvil veriləcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Digər mühüm məsələ isə İranın ballistik raket proqramıdır. İsrail tərəfi İranın gələcəkdə yeni raketlər istehsal edərək ölkəyə təhlükə yaradıb-yaratmayacağı ilə bağlı sualların cavabsız qaldığını bildirir.
Bundan əlavə, İranın uranın zənginləşdirilməsi fəaliyyətini yenidən bərpa edib-etməyəcəyi də əsas müzakirə mövzularından biridir.
İsrail bu səbəbdən daha sərt mövqe nümayiş etdirərək, hər hansı razılaşma əldə olunmadan əvvəl İranda daha çox hədəfə çatmaq və əlavə vaxt qazanmaq niyyətindədir.
Bəsti Rəfizadə
Sfera.az