Alimlər maye suyun mövcud ola biləcəyi yaşanabilən zonada yerləşən 45 yeni qayalı ekzoplanet aşkar ediblər. Bu barədə aparılan son elmi araşdırmada məlumat verilib.
Sfera.az xəbər verir ki, tədqiqatçılar bildiriblər ki, sözügedən planetlər öz ulduzlarından Yerə bənzər səviyyədə enerji alır. Bu isə onların səthində maye suyun mövcud olması ehtimalını artırıb və potensial həyat üçün əlverişli mühit yarada bilər.
Araşdırma nəticəsində müəyyən edilib ki, aşkar olunan planetlər arasında “Proxima Centauri b”, “TRAPPIST-1f” və “TOI-715 b” kimi mühüm göy cisimləri də yer alıb. Xüsusilə Yerə təxminən 40 işıq ili uzaqlıqda yerləşən “TRAPPIST-1” sistemi yaşanabilən zonada bir neçə planetin mövcudluğu ilə alimlərin diqqət mərkəzindədir.
Həmçinin “LHS 1140 b” planetinin Yerə bənzər, azot üstünlük təşkil edən atmosferə və zəngin su ehtiyatlarına sahib ola biləcəyi ehtimal olunur.
Alimlər əlavə olaraq üçölçülü yaşanabilən zona modelinə daha 24 yeni planet daxil edərək Günəş sistemindən kənarda həyatın mümkünlüyü ilə bağlı ehtimalları daha da gücləndiriblər.
Bəsti Rəfizadə
Sfera.az