“Google”un yeni əməliyyat sistemi “Android 17” istifadəçilərə bir sıra yenilikçi funksiyalar təqdim etməyə hazırlaşır. Yeni versiyada “İkonlar”, “Tapşırıq Davamlılığı” və gücləndirilmiş məxfilik tədbirləri diqqət çəkir.
Sfera.az xəbər verir ki, şirkətdən yayılan məlumatlara görə, “Android” yeniləmələrini əvvəlki illərlə müqayisədə daha sürətli təqdim edir. “Darçınlı bulka” kod adı ilə hazırlanmış “Android 17” üçün artıq iki ictimai beta versiyası yayımlanıb və istifadəçilər yeni funksiyaları sınaya bilirlər.
Yeni sistemlə birlikdə indiyədək yalnız mesajlaşma tətbiqlərində istifadə olunan “İkonlar” funksiyası bütün tətbiqlərdə əlçatan olacaq. Bu xüsusiyyət sayəsində istifadəçilər tam ekran rejimindən çıxmadan digər tətbiqləri üzən pəncərələr şəklində işlədə biləcəklər.
“Tapşırıq Davamlılığı” funksiyası cihazlar arasında sinxronizasiyanı təmin edəcək. Belə ki, telefonda yarımçıq qalan işləri digər Android cihazlarında qaldığınız yerdən davam etdirmək mümkün olacaq.
“Android 17” təhlükəsizlik sahəsində də yeniliklər təqdim edir. Yeni “Kontakt seçici” funksiyası üçüncü tərəf tətbiqlərin kontaktlara yalnız müvəqqəti və sessiya əsaslı çıxışına imkan verəcək.
Bundan əlavə, bank əməliyyatlarında istifadə olunan birdəfəlik şifrələr (OTP) üçün yeni qoruma sistemi tətbiq olunacaq. Uyğun olmayan tətbiqlərin OTP mesajlarına çıxışı üç saat müddətinə məhdudlaşdırılacaq.
Yeni versiyada həmçinin sistem optimallaşdırmaları, yenilənmiş məxfilik indikatorları, VVC (Çox yönlü video kodlaşdırma) dəstəyi və dinamik səs səviyyəsi idarəetməsi kimi texniki yeniliklər də mövcuddur.
Hazırda iki beta versiyası yayımlanan “Android 17”nin stabil buraxılışının 2026-cı ilin iyun ayında istifadəyə verilməsi gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az