İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ölkəsinin təcavüzə qarşı müqavimət siyasətini davam etdirəcəyini bəyan edib.
Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Nazir televiziya müsahibəsində bildirib ki, hazırda heç bir danışıqlar aparılmır və rəsmi Tehran mövqeyində qətidir.
“Press TV”nin yaydığı məlumata əsasən, Əraqçi qeyd edib ki, region ölkələrinin xarici işlər nazirləri Tehranla əlaqə saxlasalar da, İranın mövqeyi dəyişməyib və “prinsipial” olaraq qalır. O, beynəlxalq zəmanətlərin etibarlılığına şübhə ilə yanaşaraq, əsas təminatın ölkənin öz gücü və cavab tədbirləri olduğunu vurğulayıb.
Nazir həmçinin bildirib ki, zəmanətsiz atəşkəs müharibənin təkrarlanmasına səbəb ola bilər və qarşı tərəf elə bir dərs almalıdır ki, bir daha hücum etməyə cəsarət etməsin. Əraqçi ABŞ-nin regiondakı hərbi bazalarının ev sahibi ölkələr üçün təhlükəsizlik yox, əksinə risk yaratdığını da qeyd edib.
O əlavə edib ki, İran Silahlı Qüvvələrinin cavab zərbələri düşmənin məqsədlərinə çatmasının qarşısını alıb və bu proses ölkə tarixində “qızıl an” kimi qiymətləndirilir. Nazir həmçinin bildirib ki, Hörmüz boğazı dost ölkələr üçün açıq qalsa da, düşmən qüvvələr üçün belə bir imkan nəzərdə tutulmur.
Niyaz, Hacıyev
Sfera.az