İran rəhbərliyi hesab edir ki, ABŞ ilə münaqişənin həlli istiqamətində əldə olunacaq hər hansı razılaşma İsrailin Livanda hərbi əməliyyatları dayandırmasını da əhatə etməlidir.
Sfera.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, diqqət xüsusilə İsrailin Livanın cənubunda "Hizbullah" mövqelərinə endirdiyi zərbələrin dayandırılmasına yönəlib. "Hizbullah" rəhbərliyi də İranın dəstəyi ilə İsraillə tezliklə atəşkəs əldə olunacağına ümid edir.
Xatırladaq ki, martın 2-nə keçən gecə İsrailin şimalı Livan ərazisindən atəşə tutulub. Hücuma görə məsuliyyəti öz üzərinə götürən "Hizbullah", raket zərbələrinin İranın Ali Lideri Əli Xameneinə qarşı sui-qəsd cəhdinə cavab olduğunu iddia edib.
Bundan sonra İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə kütləvi zərbələr endirib. Daha sonra İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir "Hizbullah"a qarşı hərbi əməliyyatların başladığını və bunun bir neçə gün davam edə biləcəyini açıqlayıb.
Niyaz Hacıyev
Sfera.az