ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Amerika qoşunlarının Yaxın Şərqdə cəmləşdirilməsi Vaşinqtonun İranda quru əməliyyatı planlaşdırdığı anlamına gəlmir.
Sfera.az xəbər verir ki, o, Vaşinqtonda jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-nin bölgədəki hərbi mövcudluğu ilə quru əməliyyatı fərqli anlayışlardır:
“Bizim İranda quru qoşunumuz yoxdur və belə bir niyyətimizin olduğunu düşünmürəm”.
Konqresmenin sözlərinə görə, Vaşinqton Tehranın bölgədə ABŞ hərbi qüvvələrinin artmasına diqqət yetirməsini gözləyir. O bildirib ki, bu addım İrana bir siqnaldır və vəziyyətin tezliklə həll olunması həm ABŞ Prezidenti Donald Tramp, həm də digər tərəflər üçün vacibdir.
Spiker əlavə edib ki, İrana qarşı “Epik Qəzəb” adlı hərbi əməliyyat demək olar ki, başa çatıb və əsas məqsədlərə nail olunub. Hazırda əsas diqqət Hörmüz boğazı ətrafında gəmiçilik təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Nəticədə Tehran da daxil olmaqla bir sıra şəhərlər zərbələrə məruz qalıb. Buna cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələri İsrailə hücum edib və bölgədə gərginlik daha da artıb.
Niyaz Hacıyev
Sfera.az