Bu gün - 27 mart dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Hər il teatr sənətinin əhəmiyyətini vurğulamaq, bu sahədə çalışan yaradıcı insanları bir araya gətirmək və tamaşaçıların diqqətini səhnə sənətinə yönəltmək məqsədilə qeyd edilən bu gün xüsusi əhəmiyyət daşıyır.


 


Sfera.az xəbər verir ki, Beynəlxalq Teatr İnstitutu tərəfindən 1961-ci ildə təsis olunan bu gün, o vaxtdan etibarən dünyanın bir çox ölkəsində müxtəlif tədbirlər, tamaşalar və festivallarla qeyd olunur.


 


Hər il tanınmış teatr xadimlərindən biri tərəfindən Beynəlxalq Teatr Günü münasibətilə xüsusi mesaj hazırlanır və bu mesaj dünya ictimaiyyətinə təqdim edilir. Bu ənənə teatrın cəmiyyət həyatındakı rolunu bir daha ön plana çıxarmağa xidmət edir.


 


Azərbaycan da bu əlamətdar günü qeyd edən ölkələr sırasındadır. 


 


Azərbaycan teatrının tarixi isə olduqca zəngin və qədimdir. Milli peşəkar teatrımızın əsası 1873-cü il martın 10-da Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov tərəfindən Bakı şəhərində “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə qoyulub. Bu hadisə Azərbaycan mədəniyyətində yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir.


Sonrakı illərdə ölkədə teatr sənəti sürətlə inkişaf edib, müxtəlif teatr ocaqları fəaliyyətə başlayıb. Ölkəmizdə fəaliyyət göstərən teatrlar tərəfindən müxtəlif tamaşalar nümayiş olunur, sənət adamları təltif edilir və teatrsevərlər üçün xüsusi proqramlar təşkil olunur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və digər səhnə ocaqları bu gün münasibətilə repertuarlarını zənginləşdirir.




Qeyd edək ki, teatr yalnız əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial problemlərini əks etdirən, insanları düşündürən və maarifləndirən mühüm sənət növüdür.


 


Beynəlxalq Teatr Günü də məhz bu dəyərlərin təbliğinə xidmət edir.




Firuzə Əliyeva

Sfera.az