ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatların birinci ayı tamam olub. Müharibə davam etdiyi müddətdə həm diplomatik danışıqlar barədə iddialar səslənir, həm də regionda qarşılıqlı hücumlar intensiv şəkildə davam edir. Son bir ay ərzində baş verən hadisələr Yaxın Şərqdə təhlükəsizlik balansını ciddi şəkildə dəyişdirib.




Sfera.az xəbər verir ki, müharibə 28 fevral tarixində səhər saat 09:30-da İranın bir neçə böyük şəhərinə endirilən hava zərbələri ilə başlayıb.


 


Tehran, Qum, Kirmanşah, İsfahan və Kərəcdə partlayış səsləri eşidilib. ABŞ və İsrailin birgə həyata keçirdiyi əməliyyat ABŞ Prezidenti Donald Tramp tərəfindən “Epik Qəzəb” adı ilə elan edilib.




İlk hücumlar ağır mülki itkilərlə yadda qalıb. İranın Minab şəhərində ibtidai məktəbin vurulması nəticəsində əksəriyyəti uşaqlar olmaqla azı 175 nəfər həlak olub. Həmin gün Lamerd şəhərində idman zalına edilən zərbə zamanı isə 20 yeniyetmə qız həyatını itirib.




Hücumların əsas hədəflərindən biri İranın yüksək siyasi və hərbi rəhbərliyi oldu. Tehranda yerləşən “Liderlik Evi”nin vurulması nəticəsində ali dini lider Əli Xamenei öldürüldü. Hücum zamanı bir sıra yüksək rütbəli hərbi və dövlət rəsmləri də həyatını itirdi.




İran isə həmin gün ABŞ-nin regiondakı hərbi bazalarına qarşı cavab zərbələrinə başladı. Bəhreyndə yerləşən ABŞ-nin 5-ci donanmasının xidmət mərkəzi hədəfə alındı. Ardınca Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və digər Körfəz ölkələrində yerləşən obyektlərə raket hücumları həyata keçirildi.




Müharibə qısa müddətdə digər ölkələrə də yayıldı. İranın raket hücumları nəticəsində İsrailin Tel-Əviv şəhərində yaşayış məntəqələrinə ziyan dəydi və bir nəfər həyatını itirdi. İsrail isə Livanda “Hizbullah” mövqelərinə qarşı geniş bombardman əməliyyatına başladı.




Martın əvvəlində İran Kiprin cənubunda yerləşən Böyük Britaniyaya məxsus “Akrotiri” hərbi hava bazasını pilotsuz aparatla hədəfə alıb. Eyni zamanda Türkiyə hava məkanına yönələn ballistik raketlərin NATO tərəfindən zərərsizləşdirildiyi açıqlanıb. Naxçıvan istiqamətinə də dron hücumları həyata keçirilib.




Müharibənin ilk həftəsində ABŞ və İsrailin İranda 3 mindən çox hərbi və strateji hədəfi vurduğu bildirilib. Enerji infrastrukturu da əsas hədəflərdən biri olub. Tehrandakı neft anbarlarına edilən zərbələr böyük yanğınlara səbəb olub.




Əli Xameneinin ölümündən sonra Müctəba Xamenei İranın yeni dini lideri elan edildi. O, ilk çıxışında Hörmüz boğazının bağlanacağını və region ölkələrini ABŞ hərbi bazalarını bağlamağa çağırdı.




17 martda İranın yüksək siyasi fiqurlarından Əli Laricani də hava zərbəsi nəticəsində öldürülüb. Ardınca bir neçə təhlükəsizlik və kəşfiyyat rəsmisinin də həyatını itirdiyi bildirilib.




Müharibə qlobal enerji bazarına da ciddi təsir göstərib. Hörmüz boğazının faktiki bağlanması fonunda neft qiymətləri təxminən 40 faiz artdı.

Hazırda tərəflər qarşılıqlı hücumları davam etdirir. Son məlumatlara görə, İran Tel-Əviv və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərini hədəfə alıb. Hücumlar nəticəsində İsraildə bir nəfər ölüb, ABŞ bazasında isə 12 hərbçi yaralanıb.




Beləliklə, müharibənin birinci ayı regionda gərginliyin azalmaq əvəzinə daha da artdığını göstərir. Diplomatik həll ehtimalları müzakirə olunsa da, hazırda hərbi qarşıdurmanın yaxın zamanda dayanacağına dair konkret siqnallar müşahidə edilmir.


 


Bəsti Rəfizadə

Sfera.az