İndoneziya hökuməti 16 yaşdan kiçik şəxslərin sosial media hesabı açmasını qadağan edən yeni qaydaları tətbiq etməyə başlayıb. Bu qərarla ölkə Cənub-Şərqi Asiyada bu addımı atan ilk dövlət oldu.
Sfera.az xəbər verir ki, İndoneziya Rabitə və Rəqəmsal İşlər naziri Meutya Hafid bildirib ki, ölkədə fəaliyyət göstərən bütün rəqəmsal platformalar xidmətlərini mövcud qanunvericiliyə uyğunlaşdırmalıdır.
Nazir vurğulayıb ki, qanunlara əməl edilməsində heç bir güzəşt olmayacaq.
“Uşaqlarımızı qorumaq üçün addımlar atmalıyıq. Bu, asan deyil, amma prosesi sonadək davam etdirməliyik”, - deyə Hafid əlavə edib.
Qadağa martın 6-da qəbul olunub və mərhələli şəkildə tətbiq ediləcək. “YouTube”, “TikTok”, “Facebook”, “Instagram”, “Threads”, “X”, “Bigo Live” və “Roblox” kimi platformalarda 16 yaşdan kiçik istifadəçilər üçün hesab açmaq qadağan olunacaq.
Tənzimləmənin təxminən 70 milyon gənci əhatə edəcəyi bildirilir. Qeyd edək ki, Avstraliya da 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını məhdudlaşdıran qanunu 10 dekabr 2025-ci ildə tətbiq etmişdi.
Bəsti Rəfizadə
Sfera.az