Astronomlar yarım əsrdir davam edən elmi sirri nəhayət həll açıblar. "Gamma Cassiopeiae" ulduzundan yayılan qeyri-adi güclü rentgen şüalarının mənbəyi müəyyənləşdirilib.
Sfera.az xəbər verir ki, alimlər müəyyən ediblər ki, bu şüalanmanın səbəbi ulduzun özü deyil, onun yaxınlığında gizlənən “ağ cırtdan” ulduzdur.
Araşdırmanın nəticələri "Astronomy & Astrophysics" jurnalında dərc olunub.
Məlumata görə, Yer kürəsindən təxminən 550 işıq ili uzaqlıqda yerləşən "Gamma Cassiopeiae" təxminən Günəşdən 15 dəfə böyük kütləyə malik isti ulduzdur. Hələ 1970-ci illərdə orbital teleskoplar bu ulduzdan gözləniləndən onlarla dəfə güclü rentgen şüalanması qeydə almışdı. Şüalanmanın temperaturu isə 150 milyon kelvinə çatırdı ki, bu da Günəşin nüvəsindəki temperaturdan təxminən 10 dəfə daha yüksəkdir.
Uzun illər ərzində alimlər bu fenomeni müxtəlif versiyalarla izah etməyə çalışıblar. Onlar ulduzun səthində maqnit aktivliyi, ulduz küləklərinin toqquşması və ya gizli neytron ulduzunun mövcudluğu kimi ehtimalları irəli sürmüşdülər.
Lakin 2024–2025-ci illərdə Yapon-Avropa kosmik rəsədxanası XRISM tərəfindən aparılan dəqiq müşahidələr nəticəsində bu sirr açılıb. Məlum olub ki, rentgen şüalanması 203 günlük periodla dəyişir və bu dəyişiklik ulduzun özü ilə deyil, onun ətrafında fırlanan kompakt obyektlə bağlıdır.
Alimlər müəyyən ediblər ki, sistemdəki "ağ cırtdan" ulduz güclü cazibə qüvvəsi ilə əsas ulduzdan maddə “sorur”. Bu maddə maqnit sahəsi boyunca hərəkət edərək böyük sürətlə "ağ cırtdan"ın səthinə düşür, nəticədə isə son dərəcə yüksək temperatur yaranır və güclü rentgen şüalanması əmələ gəlir.
Bu kəşf həm də nadir ikili ulduz sistemlərinin – "Be" tipli ulduz və "ağ cırtdan" cütlüklərinin mövcudluğunu təsdiqləyib. Alimlərin fikrincə, bu cür sistemlər ulduzların təkamül prosesinin öyrənilməsi üçün yeni imkanlar açır.
Firuzə Əliyeva
Sfera.az