Sağlam qidalanma ilə bağlı aparılan son araşdırmalar maraqlı nəticələri üzə çıxarıb. Uzun illərdir ürək-damar sistemi üçün ən faydalı meyvələrdən biri kimi təqdim olunan narın yerini artıq başqa bir məhsulun aldığı bildirilir.
Sfera.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin son tədqiqatlarına əsasən, avokado ürək sağlamlığı baxımından daha üstün hesab olunur.
Araşdırmada qeyd edilir ki, avokadonun tərkibində olan sağlam yağlar, xüsusilə mono-doymamış yağ turşuları xolesterinin balansını qorumağa kömək edir və damarların elastikliyini artırır.
Mütəxəssislər bildirir ki, nar güclü antioksidant mənbəyi olaraq qalır və immun sistemini gücləndirməkdə mühüm rol oynayır. Lakin ürək-damar xəstəliklərinin qarşısının alınması baxımından avokadonun təsiri daha genişdir. Belə ki, o, “pis” xolesterini (LDL) azaldır, “yaxşı” xolesterini (HDL) isə artırır.
Araşdırmada həmçinin qeyd olunur ki, gündəlik rasiona az miqdarda avokado əlavə etmək ürək xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bununla belə, yüksək kalorili olduğu üçün normadan artıq istifadə tövsiyə edilmir.
Mütəxəssislər vurğulayır ki, ideal sağlamlıq üçün tək bir məhsula üstünlük vermək əvəzinə, balanslı və müxtəlif qidalanma əsas şərtdir.
Firuzə Əliyeva
Sfera.az