Belçikanın Şarlerua şəhəri uzun illər “dünyanın ən çirkin şəhəri” kimi tanınsa da, hazırda qeyri-adi turizm istiqaməti kimi diqqət çəkib. Tərk edilmiş sənaye tikililəri və xarabalıqlar şəhərə turist axınına səbəb olub.
Sfera.az xəbər verir ki, məlumata görə, Nikolas Buissar adlı yerli sakin Niderland mediasının Şarleruanı “dünyanın ən çirkin şəhəri” adlandırmasından sonra zarafat məqsədilə başladığı bələdçilik fəaliyyətini zamanla turistik layihəyə çevirib.
O, artıq təxminən 15 ildir ki, şəhərdə xüsusi ekskursiyalar təşkil edir.
Turlar çərçivəsində ziyarətçilər tərk edilmiş zavodlar, köhnə anbarlar və sənaye obyektləri arasında gəzərək şəhərin industrial keçmişi ilə tanış olurlar. Fransızdilli Valoniya bölgəsinin bir zamanlar iqtisadi baxımdan inkişaf etdiyini bildirən Büissar qeyd edib ki, bu gün turistlərin maraq göstərdiyi məkanlar həmin dövrün geridə qoyduğu izlərdir.
Şəhərə gələn turistlər məhz bu tənəzzül izlərini yaxından görmək istəyir. Fransanın Lil şəhərindən gələn təqaüdçü turist qrupu da Şarleruanın sənaye keçmişini araşdırmaq üçün təşkil olunan turlara qatılıb.
Son 20 ildə dünyada populyarlaşan “urbeks” (urban exploration – şəhər kəşfiyyatı) axını tərk edilmiş məkanların kəşfini daha da məşhur edib. Sınıq şüşəli, çökmüş tavanlı və qrafitilərlə örtülmüş binalar fotoqraflar, sosial media istifadəçiləri və macəra həvəskarları üçün cəlbedici məkana çevrilib.
Tur proqramına daxil edilən ərazilər arasında iri beton və polad konstruksiya qalıqları da yer alır. Tur iştirakçılarından Veronik Musu bildirib ki, burada işıq, kölgə və küçə sənəti birləşərək fərqli estetik görüntü yaradır.
Qeyd edək ki, bir vaxtlar kömür mədənləri ilə tanınan Şarlerua şəhəri son mədənin bağlanmasından 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, yeni şəhər imici formalaşdırmağa çalışır. Hazırda şəhər xüsusilə aşağıbüdcəli “Rayaneyr” aviaşirkətinin əsas mərkəzlərindən biri olan hava limanı ilə də diqqət çəkir.
Bəsti Rəfizadə
Sfera.az