ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə yerləşdirilən “USS Gerald R. Ford” aviadaşıyıcısı ilə bağlı açıqlama verib. O bildirib ki, İranın hücumları səbəbindən gəmi bölgədən geri çəkilmək məcburiyyətində qalıb.
Sfera.az xəbər verir ki, ABŞ İranla bağlı gərginlik artmazdan əvvəl, yəni 28 fevral hücumları ərəfəsində Yaxın Şərqə bir neçə hərbi gəmi göndərmişdi.
ABŞ və İsrailin birgə əməliyyatlarından sonra İran tərəfindən cavab zərbələri endirildiyi, İsrail əraziləri ilə yanaşı ABŞ-nin bölgədəki hərbi bazaları və döyüş gəmilərinin də hədəfə alındığı bildirilib.
Martın 12-də ABŞ-nin ən böyük hərbi gəmilərindən biri olan “USS Gerald R. Ford”da yanğın baş verdiyi açıqlanıb. Hadisədən sonra gəmi Krit adasındakı Suda hərbi-dəniz bazasına yönləndirilmişdi.
Florida ştatında keçirilən investisiya forumunda çıxış edən Donald Tramp gəmidə baş verən yanğının İran hücumu nəticəsində yarandığını bildirib. Prezident hadisəni belə təsvir edib:
“Dünyanın ən böyük döyüş gəmisində partlayış səsləri eşidilirdi. Saat gecə 1 idi. Mənə dedilər ki, bizə hücum ediblər. Onlar 17 fərqli istiqamətdən gəlirdilər. Canımızı xilas etmək üçün geri çəkildik. Hər şey bitmişdi”.
Qeyd edək ki, daha əvvəl İran hücumun məsuliyyətini üzərinə götürdüyünü bildirsə də, ABŞ rəsmiləri bunu rəsmi şəkildə təsdiqləməmişdi.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığına bağlı 5-ci Donanma isə martın 12-də yaydığı açıqlamada yanğının gəminin camaşırxana bölməsində baş verən texniki nasazlıq nəticəsində yarandığını bəyan etmişdi.
Qırmızı dənizdə xidmət aparan gəmi yanğından sonra təmir üçün martın 23-də Krit adasındakı Suda bazasına daxil olub.
“The New York Times” qəzetinin məlumatına görə, yanğın 30 saatdan çox davam edib. Nəşr hadisə nəticəsində yataqxana bölmələrinin zədələndiyini, 600-dən artıq dənizçi və ekipaj üzvünün bir müddət döşəmədə və masaların üzərində yatmaq məcburiyyətində qaldığını yazıb.
Hadisə ilə bağlı ziddiyyətli açıqlamalar ABŞ-İran münasibətlərində gərginliyin daha da artdığına işarə edir.
Bəsti Rəfizadə
Sfera.az