Nepalda keçmiş reper Balendra Şah 27 martda keçirilmiş seçkilərdə baş nazir seçilib.


 


Sfera.az xəbər verir ki, Balendara Şah Nepalın son onilliklər ərzində ən gənc baş naziridir. Yoxsul Himalay ölkəsi uzun müddətdir qeyri-sabit hökumətlərdən və zəif iqtisadi artım perspektivlərindən əziyyət çəkdiyindən, hazırkı baş nazir çətin bir vəzifə ilə üzləşir.


 


Paytaxt Katmandu şəhərinin keçmiş meri olan 35 yaşlı Şah “Rastriya Swatantra” partiyasından 275 üzvlük parlamentdə 182 yer qazanmasından sonra baş nazir olub. Qeyd edək ki, partiya üç ildir yaradılıb. Ötən sentyabr ayında tələbələrin korrupsiyaya qarşı etirazları 76 nəfərin ölümünə səbəb olmuş, bundan sonra Balendara Şah çıxışları ilə, xüsusuilə Z nəsli arasında rəğbət qazanmışdı. 


 


Diplomatlar və yüksək vəzifəli dövlət məmurlarının qatıldığı prezident sarayında keçirilən andiçmə mərasimində 200-dən çox hindu keşişi və Buddist lama çanaq qabıqlarının səsi altında sülh üçün himnlər və dualar oxuyublar.


 


Vəzifəyə başladıqdan sonra Şah hökumət xərclərini məhdudlaşdırmaq üçün kiçik bir komanda yaratmaq barədə kampaniya vədini yerinə yetirərək kabinetinə 14 yeni üzv təyin etdi. O, Harvard təhsilli iqtisadçı Svarnim Vaqleni maliyyə naziri təyin edib.


 


Hindistan və Çin artıq Şahı təbrik ediblər.


 


Çin Xarici İşlər Nazirliyi Pekinin Himalay qonşusunun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqda dəstəkləyəcəyini bildirib.




Xatırladaq ki, ötən il gənclərin etirazları 30 milyon əhalisi olan bir ölkədə iş yerlərinin olmaması və geniş yayılmış korrupsiya səbəbindən baş verib. Bu ölkədə əhalinin beşdə biri yoxsulluq içində yaşayır və hər gün təxminən 1500 nəfər xaricə işləmək üçün ölkəni tərk edir.


 


Ölkədə siyasi qeyri-sabitlik əsl problemə çevrilib: 1990-cı ildən bəri 32 hökumət hakimiyyətə gəlib və heç biri beş illik müddətini başa vurmayıb.