Gündəlik işimizi asanlaşdıran bəzi mətbəx ləvazimatları fərqində olmadan sağlamlığımıza ciddi zərər vura bilər. Əlverişli olması ilə seçilən alüminium folqanın qeyri-düzgün istifadəsi orqanizm üçün riskli hesab olunur. Həkimlər bu məhsulun qidalarla təması barədə xəbərdarlıq edirlər.
Sfera.az bildirir ki, alüminium folqa yüksək temperatura məruz qaldıqda tərkibindəki metalın bir hissəsini qidaya ötürür. Asidli və ya bol ədviyyatlı yeməklərlə təmas zamanı bu proses daha da sürətlənir. Bədəndə toplanan alüminium zamanla sinir sisteminə mənfi təsir göstərir. Bu metal həmçinin sümük sağlamlığını pozaraq müxtəlif xroniki xəstəliklərə zəmin yaradır.
Ən riskli istifadə forması yeməyi sobada bişirərkən folqanın qida ilə birbaşa təmasıdır. Pomidor, limon suyu və ya sirkə kimi turşuluğu yüksək olan məhsullar metalın qidaya keçmə ehtimalını artırır. Yüksək temperaturda uzunmüddətli bişirmə kimyəvi reaksiyaları kəskinləşdirir.
Sağlamlığı qorumaq üçün alüminium folqa yerinə şüşə və ya keramika qablara üstünlük vermək lazımdır. Sobada bişirmə zamanı yağlı kağızdan istifadə etmək həm təhlükəsizdir, həm də qidanın kimyəvi maddələrlə təmasına mane olur./demokrat.az