İnsanlarda 40 yaşından etibarən orqanizmdə baş verən dəyişikliklər qidalanma vərdişlərinə daha ciddi yanaşmağı zəruri edir. Mütəxəssislərin fikrincə, bu dövrdə maddələr mübadiləsi yavaşlayır, əzələ kütləsi azalır və bədən yağının artması müşahidə olunur. Eyni zamanda, ürək-damar xəstəlikləri, diabet və hipertoniya riski yüksəlir.
Bu səbəbdən gündəlik rasionda yer alan bəzi qidaların istehlakına xüsusi diqqət yetirilməlidir. Onlar tamamilə qadağan edilməsə də balanslı və məhdud şəkildə qəbul olunması tövsiyə edilir.
Sfera.az həkim rəylərinə əsasən, düzgün qidalanmanın sağlam həyatın əsas şərtlərindən biri olduğunu vurğulayır.
Bəs nələrə diqqət yetirilməlidir?
Emal olunmuş ət məhsulları risk yaradır
Kolbasa və kolbasa tərkibli məhsullar yüksək miqdarda duz, doymuş yağ və müxtəlif qatqılarla zəngindir. Bu qidaların tez-tez istehlakı qan təzyiqinin artmasına və xolesterin balansının pozulmasına səbəb ola bilər. Uzunmüddətli dövrdə isə ürək xəstəlikləri riskini artırır.
Şəkərli qidalar çəki artımına səbəb olur
Şəkər və şirniyyatlar qan şəkərində kəskin dəyişikliklər yaradır. Bu hal həm aclıq hissini artırır, həm də insulin müqavimətinin yaranmasına səbəb ola bilər. 40 yaşdan sonra artıq şəkər qəbulu xüsusilə qarın nahiyəsində piylənmə riskini yüksəldir.
Ağ çörək və emal edilmiş karbohidratlara diqqət
Lif baxımından kasad olan bu qidalar tez həzm olunur və qan şəkərində dalğalanmalara səbəb olur. Nəticədə həm diabet riski artır, həm də toxluq hissi qısa müddət davam edir.
Duzlu qidalar təzyiqi yüksəldir
Emal olunmuş və qablaşdırılmış məhsullar eləcə də turşular yüksək miqdarda duz ehtiva edir. Həddindən artıq duz istehlakı qan təzyiqinin artmasına və böyrəklərə mənfi təsir göstərməsinə səbəb ola bilər.
Kofein və alkoqol istehlakı məhdudlaşdırılmalıdır
Həddindən artıq kofein yuxu rejimini poza və sinir sisteminə mənfi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə 40 yaşdan sonra keyfiyyətli yuxunun sağlamlıq üçün daha vacib olduğunu vurğulayır. Alkoqol isə yaş artdıqca orqanizmdə daha çətin emal olunur, qaraciyərə əlavə yük yaradır və çəki nəzarətini çətinləşdirir.
Mütəxəssislər bildirirlər ki, 40 yaşdan sonra sağlam həyat üçün əsas şərt balanslı qidalanma və porsiya nəzarətidir. Riskli qidaları tamamilə kəsmək lazım deyil, onların qəbulunda ölçü və balans qorunmalıdır.
Mənsumə
Sfera.az