ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəmilər İran sahillərindən təxminən 1000 kilometr geri çəkilib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandir müavini, general Əli Fədəvi açıqlama verib.
Sfera.az xəbər verir ki, İran dövlət televiziyasına müsahibə verən generalın sözlərinə görə, hazırda Amerika hərbi gəmiləri artıq Fars körfəzində yerləşmir. O bildirib ki, İran qüvvələrinin hazırlıq səviyyəsi Vaşinqtonu mövqelərini dəyişməyə məcbur edib. Əli Fədəvi müsahibəsində amerikalıların ən həssas nöqtəsinin məhz onların hərbi gəmiləri olduğunu qeyd edib.
“Biz qüvvələrimizin yalnız minimum imkanlarından istifadə etmişik və amerikalılar bunu bilirdilər. Buna görə də onlar min kilometr geri çəkildilər. Hazırda Fars körfəzində və İran sahillərinə min kilometr məsafədə ABŞ-nin təyyarədaşıyan gəmisi yoxdur”, - deyə o vurğulayıb. İİKK rəsmisi həmçinin ABŞ-ni regionda yanlış siqnallar yaymaqda ittiham edib. Onun iddiasına görə, Vaşinqton hərbi gəmilərinin real yerləşmə mövqeyi barədə fərqli məlumatlar təqdim edir.
Bəsti Rəfizadə
Sfera.az