Türkiyəli məşhur aktrisa Aslı Bekiroğlu yaşadığı ağır sağlamlıq problemləri ilə bağlı ilk dəfə ətraflı danışıb. Son iki ildə çətin bir müalicə prosesi keçirdiyini açıqlayan aktrisa, sadə görünən bir əməliyyatdan sonra vəziyyətinin ağırlaşdığını, ümumilikdə 6 dəfə əməliyyat olunduğunu və qarşıda onu daha bir əməliyyatın gözlədiyini bildirib.


 


Sfera.az xəbər verir ki, Bekiroğlu təxminən iki il əvvəl keçirdiyi miomektomiya əməliyyatından sonra ciddi fəsadlarla üzləşib. Onun sözlərinə görə, ilk mərhələdə adi görünən tibbi müdaxilə sonradan buraxıldığı iddia edilən səhvlər səbəbindən daha ağır nəticələrə gətirib çıxarıb. Aktrisa bu müddətin onun üçün həm fiziki, həm də psixoloji baxımdan son dərəcə yorucu olduğunu vurğulayıb. “Bu paylaşımı etmək mənim üçün asan olmadı. Son iki ildə sadə görünən miomektomiya ilə başlayan və buraxılan səhvlər üzündən daha çox əməliyyata səbəb olan çox çətin bir prosesdən keçirdim”, -deyə o bildirib. Bekiroğlu qeyd edib ki, keçirdiyi iki böyük əməliyyat 8-9 saat davam edib.


 


O, həkimlərinin belə onun yaşadığı bu çətin proses qarşısında təəccübləndiyini bildirib. “8-9 saat davam edən iki böyük əməliyyat keçirdim. Həkimlərim mənə ölümdən döndüyümü dedilər. 6 əməliyyat keçirdim və daha biri qalıb”,-aktrisa paylaşımında yazıb. Məşhur aktrisa bəzi həkimlərin proses zamanı heç bir səhv olmadığını deyərək məsuliyyətdən geri çəkildiyini iddia edib. Bu səbəbdən o, baş verənlərlə bağlı qanuni hüquqlarını tələb edəcəyini də açıqlayıb.


 


Bekiroğlu yaşadıqlarını ictimaiyyətlə bölüşməsinin əsas səbəbinin yalnız şəxsi mübarizəsini anlatmaq olmadığını, eyni zamanda oxşar hallarla qarşılaşa biləcək insanları məlumatlandırmaq istədiyini vurğulayıb. Bütün bu çətinliklərə baxmayaraq, aktrisa yumor hissini də itirməyib:


 


“Deyirlər ki, səni öldürməyən şey səni daha güclü edir, elə deyilmi? Son əməliyyatımla yəqin ki, Terminator olacağam”.


 


Qeyd edək ki, aktrisanın səhhətinin hazırda yaxşılaşdığı və müalicə prosesinin davam etdiyi bildirilir.


 


Fidan Hacızadə


Sfera.az