Uzunmüddətli tətil günləri həm fiziki, həm də psixoloji baxımdan insanın istirahət etməsinə, gündəlik stresdən uzaqlaşmasına şərait yaradır. Lakin bu rahatlıq dövründən sonra yenidən iş rejiminə qayıtmaq bir çoxları üçün çətin və yorucu görünə bilər. Gündəlik ritmə uyğunlaşmaq, motivasiyanı bərpa etmək və məhsuldarlığı artırmaq isə müəyyən vaxt və düzgün yanaşma tələb edir.
Bəs uzun tətil günlərindən sonra iş həyatına yenidən necə adaptasiya olmalıyıq?
Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, son günlərdə ən çox eşitdiyi suallardan biri budur. Onun sözlərinə görə, uzun tətil günlərindən sonra iş həyatına qayıtmaq asan olmur:
“Çünki insan sadəcə işə deyil, həm də ritmə, məsuliyyətə, sosial rola və daxili intizama geri dönür. Tətil zamanı insan bir müddət həyatın məcburiyyətindən uzaqlaşır, bir az nəfəs alır və öz yükünü unudur, beyin isə komfort zonasına uyğunlaşır. Amma işə dönüşdə bu yük yenidən çiyinlərə qayıdır. Əslində məsələ təkcə yorğunluq deyil. Bu, psixoloji bir keçid halıdır. İnsan beyni rahatlıq rejiminə tez uyğunlaşır, amma yenidən performans, plan, zaman və məsuliyyət rejiminə keçmək üçün zamana ehtiyac duyur. Buna görə də işə qayıdanda yaranan həvəssizlik, əsəbilik, boşluq hissi və daxili müqavimət çox vaxt tənbəllik deyil, adaptasiya çətinliyidir”.
Psixoloq qeyd edib ki, sosial baxımdan iş həyatı yalnız qazanc yeri deyil:
“İş həmçinin insanın cəmiyyətdəki mövqeyi, funksiyası, gündəlik ritmi və “mən kiməm?” sualına verdiyi cavablardan biridir. Tətil zamanı insan bu rollardan bir qədər uzaqlaşır və yenidən sistemə daxil olanda təkcə bədən deyil, ruh da yorula bilir. Bir çox insan işə qayıtdıqdan sonra özünü günahlandırmağa başlayır: niyə əvvəlki kimi deyiləm? niyə həvəsim yoxdur? niyə bu qədər çətin gəlir? Hansı ki, burada qəribə heç nə yoxdur. İnsan psixikası mexanizm deyil. Fasilədən sonra yenidən yığılmaq, toparlanmaq və uyğunlaşmaq istəyir. Adaptasiya zorla olmur, anlayışla olur. İnsan ilk gündən tam məhsuldarlıq gözləməməli, öz ritmini mərhələli şəkildə bərpa etməli və buna zəiflik yox, normal insan reaksiyası kimi yanaşmalıdır. Uzun tətildən sonra işə qayıtmaq bəzən insanın daxili emosional yükünü də göstərir. Qısası, uzun tətil sonrası işə adaptasiya sadəcə işə başlamaq deyil, beyinin intizam qaydalarına və həyat ritminə yenidən qayıtmaq prosesidir və bu hər dəfə bir az zaman, anlayış və özünə mərhəmət tələb edir”.
Niyaz Hacıyev
Sfera.az