Mühafizəkarlar Siyasi Fəaliyyət Konfransında (CPAC) keçirilən ənənəvi sorğunun nəticələrinə görə, hazırkı vitse-prezident Vens növbəti prezidentliyə namizəd üçün əsas fiqur kimi ortaya çıxıb.
O, səslərin 53 faizini inamla toplayaraq "Trampın siyasi kursunun varisi" statusunu təsdiqləyib. Lakin əsl sürpriz Dövlət katibi Marko Rubionun meteorik yüksəlişi olub. O, 35 faiz səslə ikinci yeri tutub, halbuki ötən il onun dəstəyi çətinliklə 3 faizə çatmışdı.
Maraqlıdır gələcəkdə adıçəkilən şəxslər arasında rəqabət olacaqmı? Faiz balansı dəyişə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa ABŞ-nin dövlət katibi Marko Rubionun hazırda fəal siyasi vəzifə daşıdığını və dövlət katibi kimi Trampın həyata keçirdiyi siyasətin əsas fiqurlarından biri sayıldığını deyib:
“ABŞ isə bu gün beynəlxalq siyasətdə son dərəcə böyük təsir gücünə malik aktordur. Bu baxımdan, Vaşinqtonun atdığı addımlar Amerika cəmiyyətində müsbət qarşılandıqda, bu, birbaşa Rubionun siyasi mövqeyini gücləndirir. Əksinə, həmin addımlar ictimai rəydə mənfi qiymətləndiriləndə, bu, onun reytinqinə zərbə vurur. Başqa sözlə, Rubionun siyasi mövqeyi müəyyən mənada “seysmik” xarakter daşıyır. ABŞ-nin xarici siyasətdə uğurları onun nüfuzunu artırır, uğursuzluqlar və ya medianın bunu uğursuzluq kimi təqdim etməsi isə reytinqinin enməsinə səbəb olur”.
Politoloq ABŞ-nin vitse-prezidenti Vensin vəziyyətinin isə bir qədər fərqli olduğunu qeyd edib. Onun sözlərinə görə, formal olaraq o, vəzifəsinə görə ölkənin ikinci şəxsidir, lakin aktiv və gündəlik siyasi qarşıdurmaların mərkəzində yer almır:
“Onun əsas funksiyası Senata rəhbərlik etmək, yəni ali qanunverici orqanın işinə nəzarət etməkdir. Bundan əlavə, o, daha təmkinli siyasətçi kimi tanınır və özünəməxsus ideoloji baxışlara malikdir. Bu səbəbdən də Vens daha sabit siyasi mövqe nümayiş etdirir və zamanın onun xeyrinə işlədiyini söyləmək mümkündür. O, gündəlik siyasi dalğalanmalardan nisbətən kənarda qalır, bəzi məsələlərdə isə fərqli və daha dayanıqlı mövqe ortaya qoyur. Bu mövqe çox vaxt Amerikanın strateji maraqları ilə uzlaşan xətt kimi qiymətləndirilir. Vens “Öncə Amerika” kursunun tərəfdarlarından biri kimi çıxış edir. Buna görə də beynəlxalq münasibətlər sistemində ABŞ-nin oynadığı rol və xarici siyasətdə baş verən proseslər onun nüfuzuna az təsirlidir. Məhz bu baxımdan hesab etmək olar ki, Vens daha ciddi “varis” statusunu qorumaqdadır. Hətta istisna deyil ki, növbəti seçkilərdə, yaxud seçkilərə qədər yaranacaq müəyyən siyasi şəraitdə Trampın yerini tutacaq əsas fiqurlardan birinə çevrilsin. Təbii ki, bu, bir çox proseslərin gedişindən asılıdır. Hazırda İrana qarşı müharibə mövzusu ABŞ daxilində ciddi siyasi çalxalanmalar yaradıb. Bu siyasətin həm tərəfdarları var, həm də kifayət qədər güclü əleyhdarları mövcuddur. Lakin bütün hallarda daha sabit kursun tərəfdarı kimi tanınan, riskli və qalmaqallı məsələlərdə adı daha az hallanan Vens hazırkı mərhələdə Respublikaçılar daxilində daha perspektivli lider kimi önə çıxır”.
Fidan Hacızadə
Sfera.az