Bayram günləri adətən bol süfrələr, şirniyyatlar və qeyri-adi qidalanma rejimi ilə yadda qalır. Bu dövrdə insanlar çox vaxt gündəlik balanslı qidalanmadan uzaqlaşır, porsiyalar artır və orqanizmə düşən yük çoxalır. Nəticədə bayramdan sonra halsızlıq, həzm problemləri və çəki artımı kimi hallar müşahidə oluna bilər.
Bəs bayramdan sonra normal qidalanma rejiminə necə qayıtmalıyıq?
Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, bayramdan sonra qidalanma rejiminə düzgün qayıtmaq çox vacibdir. Onun sözlərinə görə, bu dövrdə adətən ağır, şəkərli və yağlı qidalar çox qəbul olunur və həzm sistemi bir qədər “yorulur”:
“Kəskin pəhrizə keçmək əvəzinə, balanslı və mərhələli yanaşma daha sağlamdır. İlk 2–3 gün ərzində porsiyaları tədricən kiçildərək və daha yüngül qidalara üstünlük verərək orqanizmi normaya qaytarmaq lazımdır. Gün ərzində 1.5–2 litr su içmək bədəndəki şişkinliyi azaldır və maddələr mübadiləsini dəstəkləyir. Eyni zamanda, tərəvəzlər, meyvələr, tam taxıllar və paxlalılar kimi lifli qidalar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, zülal mənbələri isə (toyuq, balıq, yumurta, süd məhsulları) həm toxluq hissini artırır, həm də əzələ kütləsinin qorunmasına kömək edir”.
Ekspertin fikrincə, bayram sonrası şəkərli qidaları azaltmaq və fiziki aktivliyi artırmaq lazımdır:
“Bayramdan sonra şəkərli və emal olunmuş qidaları azaltmaq, qan şəkərinin stabilləşməsini təmin etmək üçün vacibdir. Fiziki aktivliyi tədricən bərpa etmək də önəmlidir. Gündəlik yüngül gəzintilər həzmi sürətləndirir və enerji balansını bərpa edir. Ağır idmana birdən başlamaq əvəzinə, mərhələli şəkildə aktivliyi artırmaq daha doğru strategiyadır. Nəticədə, əsas məqsəd orqanizmi “cəzalandırmaq” deyil, balansı bərpa etməkdir, kiçik amma davamlı dəyişikliklər isə daha sağlam və effektiv nəticə verir”.
Niyaz Hacıyev
Sfera.az