Son günlər Bakıda və ətraf ərazilərdə müşahidə olunan intensiv yağışlar, yağıntının miqdarının normadan dəfələrlə çox olması ciddi fəsadlara səbəb olub. Mart ayının 27-29-u tarixlərində düşən yağıntı bəzi ərazilərdə subasma halları ilə nəticələnib.
Bununla əlaqədar bəzi yaşayış binalarına, fərdi evlərə, eləcə də qeyri-yaşayış sahələrinə zərər dəyib. Xüsusilə zirzəmilərdə yerləşən mənzillər, iaşə obyektləri və kiçik biznes sahibləri ciddi maddi zərərlə üzləşiblər.
Zərərlə üzləşən şəxslər onlara maddi yardım edilməsini istəyirlər. Sosial şəbəkələrdə yer alan şərhlərə görə, bir neçə gün ərzində baş verən yağıntı fövqəladə xarakterli olduğundan dəyən zərərin bir hissəsi dövlət tərəfindən qarşılanmalıdır.
Bəs belə hallarda dəyən zərərə görə dövlət hansısa formada yardım etməlidirmi? Mövcud qanunvericiliyə əsasən, evləri və ya obyektləri su basan vətəndaşlar hansı hallarda maddi yardım ala bilərlər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Babək Umudov bildirib ki, dövlət təbii fəlakətlər nəticəsində yaranan zərəri qarşılayır, lakin mart ayının son günlərində müşahidə edilən yağıntılar bu kateqoriyaya aid edilməyə bilər.
Vəkil bu barədə öz müşahidələrini də bölüşüb:
“Rəsmi açıqlamalarda yağışların normadan dəfələrlə artıq olduğu və bu səbəbdən subasma hallarının baş verdiyi bildirilib. Əgər subasma texniki problemlərə (məsələn, kanalizasiya sisteminin nasazlığına) görə yaranıbsa, o halda kompensasiya tələb edilə bilər. Lakin bunun sübut edilməsi lazımdır. Təcrübədə belə iddiaları sübuta yetirmək çox vaxt mümkün olmur”.
B. Umudov qeyd edib ki, sakinlərin və sahibkarların yeganə ümid yeri icbari və ya könüllü sığortalardır. Lakin hüquqşünas vurğulayıb ki, bu sığortadan yararlanmaq üçün sığortalanma, hadisədən əvvəl rəsmiləşdirilməlidir:
“Azərbaycan Respublikasının qanunvericiliyində daşınmaz əmlakın icbari sığortası tələb olunur. Mənzillərdən və fərdi yaşayış evlərindən fərqli olaraq, ticarət obyektlərinə münasibətdə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası da olmalıdır. Son günlər yaşadığımız subasma hallarına görə dəymiş zərərə görə məhz bu sığorta şəhadətnamələri vasitəsilə kompensasiya tələb etmək mümkündür”.
Firuzə Əliyeva
Sfera.az