Gecələr qaranlıqda mobil telefona baxmaq yalnız yuxu keyfiyyətini pozmur, eyni zamanda göz sağlamlığına da ciddi təsir göstərir.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, həkimlər telefon ekranlarından yayılan işığın melatonin ifrazını azaltdığını, yuxuya keçidi çətinləşdirdiyini və yuxu ritmini pozduğunu müəyyən ediblər.
Uşaqlarda risk daha yüksəkdir
Həkimlərin sözlərinə görə, uşaqlarda gündə iki saatdan çox mobil telefon istifadəsi miopiyanın (yaxın görmə zəifliyi) inkişafını sürətləndirir. Qaranlıqda telefona baxmaq bu riski daha da artırır. Ekspertlər hesab edirlər ki, 2050-ci ilə qədər dünya əhalisinin yarısı miopiyadan əziyyət çəkəcək.
Mavi işıq filtrləri həmişə təsirli deyil
Müasir cihazlarda istifadə edilən mavi işıq filtrləri hər kəsə eyni dərəcədə təsir etmir. Həkimlər qeyd ediblər ki, ən effektiv qorunma üsulu qaranlıqda ekran parlaqlığını azaltmaq və telefon qarşısında daha az vaxt keçirməkdir.
Göz sağlamlığı üçün sadə qayda: 20-20-20
Uzun müddət ekran qarşısında olanlar üçün həkimlər praktiki üsul təklif edirlər: hər 20 dəqiqədən bir, 20 saniyə ərzində təxminən 6 metr (20 fut) uzaqlığa baxmaq göz əzələlərini dincəldir, baş ağrılarını və göz yorğunluğunu azaldır. Bu, həmçinin göz qırpma refleksini tarazlayaraq quruluğun qarşısını alır.
Mütəxəssislər vurğulayırlar ki, gündəlik ekran vaxtını azaltmaq və xüsusilə yatmazdan əvvəl telefon istifadəsini minimuma endirmək həm göz sağlamlığını qorumaq, həm də yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün vacibdir.
Mənsumə
Sfera.az