ABŞ-də aparılan yeni elmi tədqiqat xərçəngin qidalanma mexanizmləri ilə bağlı mühüm nəticələr ortaya qoyub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin “University of Rochester” alimləri müəyyən ediblər ki, qlütation adlı antioksidant xərçəng hüceyrələri tərəfindən yanacaq kimi istifadə oluna bilər. Tədqiqat göstərir ki, şişləri əhatə edən toxumalarda qida maddələri məhdud olsa da, xərçəng hüceyrələri bu çatışmazlığı kompensasiya etmək üçün müxtəlif strategiyalar inkişaf etdirir. Alimlər uzun müddətdir hüceyrələri qoruyan maddə kimi tanınan qlütationun, əslində, xərçəng hüceyrələri üçün enerji mənbəyinə çevrilə bildiyini aşkar ediblər.
Tədqiqatçı İsaak Harris qeyd edib ki, xərçəng hüceyrələri adi hüceyrələrdən fərqli olaraq müxtəlif qida mənbələrindən istifadə etmək qabiliyyətinə malikdir və qlütationun bu prosesdə rolu indiyədək lazımi qədər araşdırılmayıb. Alimlər hesab edir ki, bu kəşf xərçəngin “qidalanma sisteminə” yanaşmanı dəyişə bilər. Gələcəkdə qlütationun xərçəng hüceyrələri tərəfindən istifadə edilməsinin qarşısını alan dərmanların hazırlanması mümkün ola bilər. Tədqiqatçılar biobankda saxlanılan döş xərçəngi nümunələrini analiz edərək şiş daxilində yüksək səviyyədə qlutation aşkar ediblər
Bundan əlavə, laboratoriya modellərində xərçəng hüceyrələrinin bu maddədən istifadə imkanları məhdudlaşdırıldıqda şişlərin böyüməsinin yavaşladığı müşahidə olunub. İlkin nəticələr göstərir ki, bu mexanizm yalnız döş xərçəngi ilə məhdudlaşmaya bilər və digər şiş növlərində də oxşar proses baş verə bilər. Tədqiqat müəllifləri vurğulayır ki, əldə olunan nəticələr antioksidantlarla zəngin qidaların rasiondan çıxarılması demək deyil. Meyvə və tərəvəzlərdən ibarət balanslı qidalanma ümumi sağlamlıq üçün vacib olaraq qalır.
Fidan Hacızadə
Sfera.az