“SpaceX” şirkətinə məxsus “Starlink” peyklərindən birində baş verən nasazlıqdan sonra peyklə əlaqə itib, orbitdə isə çoxsaylı fraqmentlər qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə “SpaceX” sosial şəbəkə hesabında məlumat yayıb. Şirkət açıqlamasında peyklə rabitənin gözlənilməz “anomaliya” səbəbindən kəsildiyini bildirib. Hadisənin səbəbi açıqlanmasa da, araşdırmaların davam etdiyi qeyd olunub. Kosmik müşahidə şirkəti “LeoLabs” insidentdən dərhal sonra peykin yerləşdiyi ərazidə “onlarla parça” aşkar edildiyini açıqlayıb.
Bu isə peykin parçalanmış ola biləcəyi ehtimalını gücləndirib. “SpaceX” bildirib ki, hadisə Beynəlxalq Kosmik Stansiya və ekipaj üçün əlavə risk yaratmır. Həmçinin “Artemis 2” missiyası çərçivəsində planlaşdırılan buraxılışa da hər hansı mənfi təsir qeydə alınmayıb. Şirkətin məlumatına görə, peyk qalıqlarının bir neçə həftə ərzində atmosferə daxil olaraq yanacağı gözlənilir.
Qeyd edək ki, “SpaceX” ötən ilin dekabr ayında da oxşar hadisə ilə üzləşmiş, bir “Starlink” peyki ilə əlaqə qəfil kəsilmişdi. Həmin vaxt da peykin parçalanması ehtimalı irəli sürülmüşdü. Son hadisə isə Çinə məxsus peyklə mümkün toqquşma riskindən cəmi bir həftə sonra baş verib.
Bəsti Rəfizadə
Sfera.az