Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ ilə İran arasında aparılan danışıqların hələ də davam etdiyini və prosesin müsbət istiqamətdə irəlilədiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər arasında müəyyən irəliləyişlər əldə olunub və diplomatik təmaslar intensiv şəkildə davam etdirilir.
Bəs bu danışıqlar yaxın zamanda müsbət nəticə ilə yekunlaşa bilərmi?
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ – İran danışıqlarının necə və kimlər arasında aparıldığı məlum olmasa da, bir şey dəqiqdir: bu danışıqlar çox həssas geosiyasi və diplomatik balans tələb edir.
Onun sözlərinə görə, Kerolin Livit və Donald Trampın “danışıqlar yaxşı irəliləyir” bəyanatları diplomatik dildə ümidverici siqnaldır, amma bunu tam olaraq prosesin həqiqi sürəti və nəticəsi ilə eyniləşdirmək düzgün olmaz:
“Diplomatiyada tərəflər müsbət tonlu ifadələr işlətməklə həm daxili auditoriyanı sakitləşdirir, həm də qarşı tərəfi razılaşmaya daha açıq saxlamağa çalışırlar. Bu tip açıqlamalar çox vaxt real irəliləyişdən daha çox prosedur və ünsiyyət kanallarının açıq olduğunu göstərir. Danışıqların müsbət nəticə ilə tezliklə bitməsi məsələsinə gəldikdə isə, bu bir neçə faktordan asılıdır. ABŞ-yə bu və ya digər şəkildə təsir imkanları olan İsrailin mövqeyi, İranda SEPAH-ın və dini liderlərin razılığı kimi məsələlər hər zaman qərarverməyə təsir edir. İkincisi, nüvə proqramı və sanksiyalar kimi mövzular həm texniki, həm də siyasi mürəkkəblik daşıyır. Hər hansı razılaşmanın uzunmüddətli olması üçün bu məsələlərin detalları tam şəkildə həll edilməli və hər iki tərəfin ciddi nəzarət mexanizmləri ilə razılaşdırılması vacibdir”.
Politoloqun fikrincə, burada beynəlxalq aktorların rolu da önəmlidir:
“Avropa İttifaqı, BMT və regional ölkələr vasitəsilə təsir mexanizmlərinin işlənməsi və hər hansı yeni sazişin tətbiqi üçün onların dəstəyi zəruridir. Bu, yalnız ABŞ və İran arasında deyil, qlobal kontekstdə razılaşmanın davamlılığını təmin etmək üçün vacibdir. Bu baxımdan, ‘danışıqlar yaxşı gedir’ ifadəsi optimist bəyanat olsa da, müsbət nəticənin vaxtını proqnozlaşdırmaq hələ real deyil. Tarixi təcrübə göstərir ki, danışıqlar zamanı başlanğıcda ümidverici görünən proseslər sonradan çətinliklərlə üzləşir və bəzən hərbi əməliyyatlara gətirib çıxarır.
Digər tərəfdən, bu açıqlamaları quru bəyanatlar kimi qəbul etmək də yanlış olar. Kerolin Livit və Trampın vurğuladığı irəliləyiş qarşılıqlı təkliflərin müzakirəsi ola bilər. Bu isə o deməkdir ki, danışıqlar prosesi aktivdir, amma hər iki tərəfin yekun mövqeləri hələ son mərhələdə deyil. Hər hansı sürpriz və ya qəfil dəyişikliklər prosesin gedişatını əhəmiyyətli dərəcədə dəyişə bilər. Odur ki, hazırkı açıqlamalar ABŞ və İran arasında dialoqun hansısa formada davam etdiyini göstərsə də, bu, razılaşmanın yaxın zamanda baş tutacağı anlamına gəlmir. Diplomatiyada hər bir ifadə həm strateji, həm də simvolik funksiyaya malikdir. Real nəticə isə hər iki tərəfin həm daxili, həm də xarici siyasət balansını nəzərə alaraq texniki və hüquqi detalları razılaşdırmasından sonra görünəcək. Beləliklə, ümidverici açıqlamalar prosesin aktiv olduğunu göstərir, amma danışıqların yekun nəticəsi hələ də ehtiyatla qiymətləndirilməlidir”.
Niyaz Hacıyev
Sfera.az