İtaliya 2026-cı il futbol üzrə Dünya Kubokuna vəsiqə uğrunda pley-off mərhələsinin son oyununda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında məğlub olub. 




Sfera.az xəbər verir ki, Zenitsa şəhərində keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Bosniya millisində Haris Tabakoviç 79-cu dəqiqədə, İtaliya yığmasında isə Moise Kean 15-ci dəqiqədə fərqlənib.


 


Görüşün 41-ci dəqiqəsində italyan müdafiəçisi Alessandro Bastoni kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub. Penaltilər seriyasında Bosniya 4:1 hesabı ilə üstün olub.


 


Beləliklə, İtaliya millisi ardıcıl üçüncü dəfə Dünya Kubokunun final mərhələsinə vəsiqə qazana bilməyib. Komanda bundan əvvəl də 2018 və 2022-ci illərdə mundialdan kənarda qalmışdı. Tarixində dörd dəfə dünya çempionu olan İtaliya yığması, bu göstəriciyə görə ən uğurlu ikinci komandadır. Bosniya və Herseqovina isə Dünya Kubokunda ikinci dəfə iştirak edəcək. Komanda ilk dəfə 2014-cü ildə mundiala qatılıb və həmin turnirdə Argentina və Nigeriyaya uduzaraq qrup mərhələsini keçə bilməyib, lakin İranı qabaqlayıb.


 


Niyaz Hacıyev

Sfera.az