Neftin qiyməti artıq bir aydır ki, çox yüksək səviyyədədir. Neftin bahalaşmasından sonra "Brent" nefti ilə "Azeri Light" neftinin qiyməti arasında kəskin fərq yaranıb. Əvvəllər qiymət fərqi 5-6 faiz olduğu halda son günlərdə 20 faizə qədər artıb. "Brent" neftin qiyməti 106 dollar olanda Azərbaycan nefti 128 dollara satılıb.
Kəskin qiymət fərqinin yaranması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, burada bir sıra məsələləri aydınlaşdırmaq lazımdır.
İ.Şaban qeyd edib ki, bu gün Azərbaycan neftinin qiyməti ilə bağlı yayılan məlumat əslində dünən satdığımız neftin qiymətidir:
“Real satış qiyməti Ceyhanda FOB müqavilələrlə, yəni yerində tankerə yükləmə qiyməti ilə satılan neftdir. Bizim neftin FOB qiyməti 125,55 dollar göstərilir. Dünən isə Brent markalı neft 119.24-dən satılıb. Yəni real premiya 6 dollardan bir qədər bahadır”.
Mütəxəssis qeyd edib ki, bu qiymət fərqi normaldır:
"Çünki bizim neftin 95%-i Avropa bazarında satılır, orda da tələbat yüksəkdir və Azərbaycan neftinə də maraq həmişəki kimi kifayət qədərdir".
Firuzə Əliyeva
Sfera.az