Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Dan Yorgensen keçirdiyi mətbuat konfransında Avropada enerji qiymətlərinin yüksək olaraq qalacağını bildirib.
Onun sözlərinə görə, sülh əldə olunsa belə, neft və qaz qiymətləri qısa müddətdə əvvəlki səviyyəyə qayıtmayacaq.
Sfera.az xəbər verir ki, Yorgensenin sözlərinə əsasən, 27 üzv dövləti əhatə edən birlikdə hazırda birbaşa neft və qaz çatışmazlığı müşahidə olunmasa da, dizel və reaktiv yanacaq tədarükündə təzyiq, həmçinin qlobal qaz bazarlarında artan məhdudiyyətlər elektrik enerjisi qiymətlərinin yüksəlməsinə səbəb olub.
“Sabah sülh elan olunsa belə, yaxın gələcəkdə normal vəziyyətə qayıda bilməyəcəyik. Bunu mümkün qədər açıq şəkildə demək istəyirəm”, – deyə Yorgensen Aİ enerji nazirlərinin görüşündən sonra vurğulayıb. Komissar qeyd edib ki, Aİ-nin icraedici qurumu ailələrə və biznes subyektlərinə enerji qiymətlərinin kəskin artımının təsirini azaltmaq üçün yeni tədbirlər paketi üzərində çalışır.
Məlumata görə, son dövrdə Avropada qaz qiymətləri təxminən 70%, neft qiymətləri isə 60% artıb. Yorgensen əlavə edib ki, müharibənin başlanmasından bəri Aİ-nin idxal olunan yanacaqlar üzrə xərcləri 14 milyard avro yüksəlib. O, bazarlarda qeyri-müəyyənliyin artmaması üçün üzv ölkələr arasında koordinasiyalı fəaliyyətin vacibliyini də xüsusi vurğulayıb. Rəsmi nümayəndə parçalanmış milli qərarların enerji bazarlarına mənfi siqnallar göndərə biləcəyini bildirərək, vahid Avropa yanaşmasının hazırkı şəraitdə əsas prioritet olduğunu qeyd edib.
Bəsti Rəfizadə
Sfera.az