Gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir.


 


Bu barədə Sfera.az-a Ali Məhkəmədən məlumat verilib.


 


Bildirilib ki, praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır.


 


Borc müqaviləsi nə vaxt yazılı formada bağlanmalıdır?


 


Qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.


 


Yazılı forma niyə vacibdir?


 


Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.




Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur.


 


Borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir. Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.




Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur.




Firuzə Əliyeva

Sfera.az