Kosmos turizmi sahəsində fəaliyyət göstərən “Virgin Galactic” təxminən iki illik fasilədən sonra yenidən bilet satışına başlayıb.


 


Şirkət bildirib ki, yeni uçuşlarda məhdud sayda, cəmi 50 nəfərlik oturacaq satışa çıxarılıb və bilet qiyməti hər nəfər üçün 750 min dollar təşkil edir.


 


Sfera.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Maykl Kolqlazier açıqlayıb ki, uçuşlar 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlayacaq. Turistlər “SpaceShip” adlı kosmos gəmisində təxminən 90 dəqiqə davam edən orbitaltı (suborbital) uçuş təcrübəsi yaşayacaq və bir neçə dəqiqə mikroqravitasiya mühitində hərəkət edə biləcəklər. “Virgin Galactic” artıq “qurucu astronavt” adı verilən 650-dən çox rezervasiya sahibi müştəriyə malikdir. Yeni satışlar isə bu qrupun uçuşlarından sonra başlayacaq. Şirkətin kosmos turizmi sistemi iki mərhələli uçuş modelinə əsaslanır: əvvəlcə kosmos gəmisi böyük bir daşıyıcı təyyarə ilə yüksəkliyə qaldırılır, sonra raket mühərriki işə salınaraq kosmosa yüksəlir.


 


Uçuşdan sonra gəmi yenidən Yerə qayıdır. Kosmos turizmi bazarında “Virgin Galactic”in əsas rəqiblərindən biri olan “Blue Origin” yanvar ayından etibarən turist uçuşlarını ən azı iki il müddətinə dayandırıb. “SpaceX” isə daha çox peyk buraxılışı, yük daşınması və dövlət layihələrinə fokuslanıb. İlon Mask rəhbərliyində olan “SpaceX”in bu sahəyə məhdud marağı, zəngin müştərilər üçün kosmos turizmi seçimlərini daraldıb. “Virgin Galactic” rəhbərliyi ilkin mərhələdə ayda təxminən 4 uçuş planlaşdırıb, əməliyyatlar genişləndikcə bu sayın 8-10-a çatdırılması gözlənilir. CEO Kolqlazier həmçinin mövcud 750 min dollarlıq bilet qiymətinin gələcəkdə tədricən arta biləcəyini bildirib. Ekspertlər qeyd ediblər ki, artan maraq kosmos turizminin yaxın illərdə daha böyük bazar halına gələcəyini göstərir.


 


Bəsti Rəfizadə


Sfera.az