Polşa təhlükəsizlik siyasətində önəmli dəyişikliklərə gedərək yeni mərhələyə daxil olub və ölkədə hərbi hazırlıq səviyyəsini yüksəldir.


 


“Rzeczpospolita” nəşrinin məlumatına görə, Polşa Silahlı Qüvvələri Rusiyanın mümkün hücum ssenarisini nəzərə alaraq genişmiqyaslı təlimlərə hazırlaşır. Bildirilib ki, bu manevrlərin ssenarisi xüsusi olaraq Rusiya ilə potensial toqquşma üzərində qurulub. Təlimlərin keçirilmə yeri, vaxtı və detalları tam məxfi saxlanılıb ki, bu da hazırlığın ciddi və peşəkar xarakter daşıdığını göstərir.


 


Ölkə Silahlı Qüvvələrinin təlimləri, həm qurudan, həm də havadan cavab hazırlığı daxil olmaqla, bütün potensial təhdidlər nəzərə alınmaqla planlaşdırılıb. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda Polşanın da mümkün müharibəyə hazırlıq görməsi bir neçə suallar meydana çıxarıb.


 


Regionda genişmiqyaslı hərbi toqquşma riski hazırda nə dərəcədə realdır? Ukraynadan sonra Rusiyanın potensial hədəfi ola biləcək ölkələr hansılar hesab olunur? Baltikyanı ölkələr və ya Polşa real risk altındadırmı?


 


Məsələ ilə bağlı politoloq Taleh Əliyev Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Rusiyanın müharibənin coğrafiyasını genişləndirmək planları içərisində ilk adı çəkilən ölkələrdən biri, bəlkə də birincisi Polşadır, bundan sonra isə Baltika ölkələrinin adı hallanırdı:


 


 



 


"Baltika ölkələri əslində Rusiyanın yeni bir aqressiya və eskalyasiya siyasətinə başlayacağı təqdirdə Moskva üçün o qədər də çətin hədəf kimi görünmürdü. Doğrudur, bu ölkələr NATO ölkəsidir və bu ölkələrə hücum həm də NATO-ya hücum anlamına gəlir. Məhz Polşa da NATO-nun əsas üzvlərindən biridir və Polşa ərazisində həm Amerika Birləşmiş Ştatlarının, həm də bütövlükdə NATO-nun hərbi bazaları yerləşir. Bu baxımdan, istər Polşa olsun, istərsə də digər adı hallanan NATO üzvü ölkələr Rusiyanın ilkin mərhələdə istər qurudan, istərsə də havadan zərbə endirəcəyi ölkələr sırasındadır”.


 


Ekspert Rusiyanın gələcək hücumu planında Polşanın adının daha çox hallanmasının səbəbini izah edib:


 


“Çünki Ukraynaya birbaşa humanitar yardımlardan tutmuş, hərbi dəstəyə qədər müharibənin ilk illərində məhz bu hərtərəfli dəstək Polşa tərəfindən gəlib və bu baxımdan rusların Polşaya qəzəbi və nifrəti daha böyükdür. Təbii ki, müharibənin coğrafiyası genişlənəcəksə, təkrar qeyd edirəm, ilk eskalyasiya prosesinin başlanacağı ölkələrdən biri Polşa ərazisi ola bilər. Bunun fərqində olan Polşa hakimiyyəti və Polşa Silahlı Qüvvələri daimi olaraq ölkənin təhlükəsizliyi və istənilən təcavüzə layiqli cavab verilməsi üçün təlimlər keçirir. Növbəti təlim də əslində, Yaxın Şərqdə baş verən hadisələr fonunda artan təhlükənin miqyasını və reallığını göstərən bir tədbir kimi qiymətləndirilməlidir. Amma hesab edirəm ki, istər Polşa olsun, istərsə də Baltika ölkələrinə Rusiya açıq və birbaşa hücum edərsə, havadan, qurudan fərq etməz bu, irimiqyaslı Rusiya-NATO müharibəsinə çevrilməsi qaçılmaz olacaqdır”.


 


Bəsti Rəfizadə


Sfera.az