İranın Yaxın Şərqdə baş verən gərginliklərə yanaşması son dövrlərdə daha sərt və prinsipial xarakter alıb. Rəsmi Tehran hesab edir ki, bölgədə davamlı sabitlik yalnız müvəqqəti atəşkəslərlə deyil, köklü və uzunmüddətli siyasi həll yolları ilə təmin oluna bilər. Bu kontekstdə İran rəsmiləri tez-tez vurğulayır ki, qısamüddətli razılaşmalar gələcəkdə yeni qarşıdurmaların qarşısını almaqda yetərli deyil.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran sadə bir atəşkəslə kifayətlənməyəcək. Onun sözlərinə görə, Tehran bütün Yaxın Şərq regionunda müharibəyə son qoyulmasına çalışır. İran hesab edir ki, əsas məsələ yalnız silahların susdurulması deyil, həm də davamlı sülhün təmin olunması və bir daha hücumların baş verməyəcəyinə dair real təminatların verilməsidir.
Politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, İranın sadə atəşkəslə kifayətlənməməsinin əsas səbəbi onun təhlükəsizlik yanaşmasının taktiki yox, strateji xarakter daşıması ilə bağlıdır.
Onun sözlərinə görə, atəşkəs yalnız müvəqqəti fasilə deməkdir və Tehran bunu rəqiblərin yenidən toparlanması üçün zaman qazanması kimi qiymətləndirir:
“Xüsusilə Abbas Əraqçi kimi rəsmi şəxslərin vurğuladığı “təminatlı sülh” anlayışı göstərir ki, İran üçün əsas məsələ gələcəkdə hücumların təkrarlanmayacağına dair institusional və siyasi zəmanətlərin formalaşdırılmasıdır. İran hesab edir ki, əvvəlki illərdə əldə olunan razılaşmalar ya pozulub, ya da selektiv şəkildə tətbiq edilib və bu səbəbdən yalnız atəşkəs onun milli təhlükəsizlik risklərini aradan qaldırmır”.
Politoloq qeyd edib ki, digər tərəfdən, İran bu mövqeyi ilə regiondakı güc balansını da yenidən qurmağa çalışır:
“Sadə atəşkəs mövcud status-kvonu qoruyur, lakin Tehran üçün bu status-kvo əlverişli deyil, çünki o, özünü həm hərbi təzyiq, həm də siyasi təcrid altında hiss edir. Buna görə İran daha geniş çərçivəli razılaşma istəyir ki, bu da təkcə hərbi əməliyyatların dayanmasını deyil, eyni zamanda regional aktorların davranış qaydalarının dəyişməsini nəzərdə tutur. Başqa sözlə, İranın məqsədi müharibəni “dondurmaq” yox, onu doğuran səbəbləri aradan qaldırmaqdır və bu da yalnız uzunmüddətli, zəmanətli sülh mexanizmləri ilə mümkün hesab olunur”.
Niyaz Hacıyev
Sfera.az