Son həftələrdə neftin qiymətində müşahidə olunan kəskin artım iqtisadi sferada narahatlıqları artırıb. Əsas narahatlıq bahalaşan enerji daşıyıcılarının bir çox sahədə qiymətlərə təsir etməsi və ümumi inflyasiya təzyiqini artırması ehtimalı ilə bağlıdır.


 


Maraqlıdır, neftin qiymətinin kəskin artması dünyada digər əmtəələrin də qiymətinin artmasına və ümumilikdə inflyasiya səviyyəsinin yüksəlməsinə səbəb ola bilərmi?




Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov hesab edir ki, neftin bahalaşması ilkin mərhələdə digər məhsulların qiymətində kəskin artıma səbəb olmayacaq.


 


Bununla belə, iqtisadçı nəqliyyat xərclərinin yüksələcəyinə əmin olduğunu bildirib. "İndiki vəziyyətdə neft bahalaşdıqca daşımaların qiyməti tədricən yüksələcək", – deyən F.İbrahimovun fikrincə, neft qiymətlərindəki artımın digər məhsulların qiymətinə təsir etməsi üçün müəyyən zamana ehtiyac var:




"Neft idxal edib yerli istehsalı və xidmətləri təşkil edən ölkələrdə zamanla digər sahələrdə də qiymət artımı mümkündür. Bu, əsasən, Çində xərclərin artmasına səbəb olacaq. Çünki yanacağın və neftin qiyməti artdıqca, bu, bir çox istehsal sahələrinə öz təsirini göstərir. Amma Azərbaycan kimi neft istehsal edib ixrac edən ölkələrin bazarında qiymətlərdə ciddi fərq olmayacaq".




Firuzə Əliyeva

Sfera.az