İyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Ermənistan dövlətçiliyini zəiflətməyə yönəlmiş hibrid müharibənin aparıldığı bildirilir. Erməni ekspertlər baş verənlərə görə ölkə daxilindəki rusiyayönlü siyasi qüvvələri ittiham edirlər.


 


Onların fikrincə, radikal müxalifət qüvvələrinin əsas məqsədi “Tramp Marşrutu” layihəsinin ləğvinə nail olmaqdır.


 


Maraqlıdır, “Tramp Marşrutu” layihəsinin ləğvi ilə bağlı çağırışlar erməni seçicilər arasında fikir ayrılığı yarada və bu, seçkilərin gedişatına təsir göstərə bilərmi?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli hazırda Ermənistanda bütün proseslərin növbəti parlament seçkilərinə indeksləşdiyini bildirib. Onun sözlərinə görə, bu seçkilərin nəticələri, ilk növbədə, Ermənistanın gələcək taleyini böyük ölçüdə müəyyən edəcək:


 



 


“Hazırda erməni seçicilər həm özlərinin, həm də ölkələrinin gələcəyi baxımından strateji seçim qarşısındadırlar. Əgər Rusiyanın agentura şəbəkəsi kimi təqdim olunan radikal revanşist düşərgənin təmsilçiləri parlamentə seçilərsə, Ermənistan yenidən Kreml tərəfindən idarə olunan bir quberniya vəziyyətinə düşə bilər. Belə olan halda, Kreml Ermənistanın ABŞ və Avropa Birliyi ilə mövcud münasibətlərini pozmağa çalışacaq. İlk növbədə isə Ermənistanda hakimiyyətə gətiriləcək rusiyayönlü qüvvələr vasitəsilə “Tramp Marşrutu”nun ləğvi üçün addımlar atıla bilər. Əslində, Rusiyanın əsas hədəfi də məhz TRACECA marşrutunun qarşısını almaqdır. Çünki “Tramp Marşrutu” adlandırılan bu layihə Cənubi Qafqazı tədricən Rusiyanın təsir dairəsindən çıxara biləcək mexanizmə çevrilmək üzrədir. Əgər bu marşrut reallaşarsa, Cənubi Qafqaz Rusiyasız regiona çevrilə bilər. Kreml də bunu dəqiq bildiyindən, Ermənistanda keçiriləcək növbəti parlament seçkilərindən bir vasitə kimi istifadə etməyə, öz agentura şəbəkəsinin təmsilçilərini hakimiyyətə gətirməyə çalışır”.


 


Politoloq əlavə edib ki, məhz buna görə də erməni seçicilər öz gələcək taleyi ilə bağlı strateji seçim etmək məcburiyyətindədirlər. Ekspert Ermənistan üçün yarana biləcək tarixi şansdan da söz açıb:


 


“Əgər Paşinyan və komandası qalib gələrsə, TRACECA marşrutunun reallaşması daha inandırıcı görüntü ala bilər. Eyni zamanda, Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalaması da mümkün görünür. Bu halda Ermənistan sərhəd qonşuları ilə münasibətləri normallaşdıraraq yeni inkişaf perspektivlərinə yönələ bilər. Tarixində ilk dəfə blokadadan çıxmaq şansı qazanmış olar, iqtisadi-ticari əlaqələrini daha perspektivli istiqamətlərə yönəldə və bununla da əhalinin həyat şəraitini yaxşılaşdıra bilər. Ancaq Ermənistanda təbliğat elə qurulub ki, hələlik erməni seçicilərinin hansı tərəfi seçəcəyi tam aydın deyil. Yəni Ermənistan cəmiyyətinin işığa aparan yolu, yoxsa qaranlıq tunelə aparan istiqaməti seçəcəyi hələ də qeyri-müəyyəndir. Bu baxımdan “Tramp Marşrutu” ilə bağlı çağırışlar növbəti parlament seçkilərinin nəticələrinə birbaşa təsir göstərə biləcək amillərdən biri kimi görünür. Əgər Ermənistanda ənənəvi siyasi-ideoloji dünyagörüşü hələ də cəmiyyət daxilində üstünlük təşkil edirsə, böyük ehtimalla Rusiyanın agentura şəbəkəsi yenidən hakimiyyətə gələ bilər. Yox, əgər Paşinyan hakimiyyəti son illərdə Ermənistana inkişaf yolunu izah edə, daha perspektivli istiqaməti göstərə bilibsə, o zaman Ermənistan cəmiyyəti Rusiyanın “qaranlıq tunelinə” deyil, Qərbə inteqrasiya xətti tutan Paşinyan hakimiyyətinə səs verə bilər. Yəni bu baxımdan, hələlik Ermənistan cəmiyyətində qüvvələr nisbətinin necə olduğu tam bəlli deyil. Yəqin ki, seçkilərə az müddət qaldıqca, səsvermə günü yaxınlaşdıqca, hansı tərəfin daha üstün mövqedə olduğu tədricən daha aydın görünməyə başlayacaq”.


 


Fidan Hacızadə


Sfera.az