“The Telegraph” qəzetinin məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Hörmüz boğazında gəmiçiliyin tam sərbəst və ödənişsiz olmasını tələb edir. Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanının daxil olduğu qrup isə boğazın “Süveyş kanalı” modeli ilə idarə olunmasını, yəni tranzit rüsumlarının tətbiqini və gəlirin bir hissəsinin İrana verilməsini təklif edir.


 


Məqsəd Tehranın boğaz üzərində təkbaşına hərbi nəzarətdən imtina etməsinə iqtisadi stimul yaratmaqdır. Rubio G7 görüşündə ödəniş sisteminin beynəlxalq hüquqa zidd olduğunu bildirərək boğazın bütün ölkələr üçün pulsuz qalmasında israr edib. İran isə “düşmən ölkə” gəmiləri üçün yüksək rüsumlar nəzərdə tutan layihələr hazırlayıb və Çin, Rusiya, Pakistan gəmilərinin təhlükəsiz keçəcəyini açıqlayıb.


 


Məlumata görə, Hörmüz boğazı üzərində beynəlxalq konsorsium idarəçiliyinin qurulması regionda son yüz ilin ən böyük geosiyasi dəyişikliklərindən biri hesab olunur və qlobal enerji böhranının həlli üçün mümkün addım kimi qiymətləndirilib.


 


Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının “Süveyş kanalı modeli” təklif etməsi hansı regional maraqlardan qaynaqlanır? İranın “düşmən ölkə” gəmiləri üçün ayrıca rüsum planı beynəlxalq dəniz hüququnu pozurmu?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə əsasən, bu yanaşmalar əslində Hörmüz boğazı üzərində nəzarətin hərbi-siyasi müstəvidən iqtisadi-institusional müstəviyə keçirilməsi uğrunda rəqabətin göstəricisidir. Ekspertin fikrincə, Rubionun sərbəst və ödənişsiz keçid tələbi ABŞ-nin ənənəvi olaraq müdafiə etdiyi “qlobal dəniz azadlığı” prinsipinə uyğundur və bu, beynəlxalq ticarət marşrutlarının siyasiləşdirilməsinin qarşısını almağa yönəlib:


 



 


“ABŞ demək istəyir ki, onlar üçün əsas prioritet enerji bazarlarının sabitliyi və müttəfiqlərin fasiləsiz çıxış imkanlarının qorunmasıdır, çünki istənilən rüsum mexanizmi uzunmüddətli perspektivdə siyasi təzyiq alətinə çevrilə bilər. İranın bu təklifə reaksiyasının nə olacağını nəzərə alaraq deyə bilərəm ki, Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərərbistanı tərəfindən irəli sürülən “Süveyş kanalı modeli” təklifi indiki halda daha praqmatikdir və regiondaxili maraqlara əsaslanır. Bu ölkələrin hər biri müxtəlif səbəblərlə belə bir mexanizmdə maraqlıdır. Misir üçün bu model artıq mövcud olan Süveyş kanalının idarəetmə təcrübəsinin qlobal miqyasda legitimləşdirilməsi deməkdir və Qahirənin tranzit iqtisadiyyatdakı rolunu gücləndirir. Türkiyə və Pakistan kimi ölkələr isə tranzit yolları və logistika qovşaqları üzərindən gəlir əldə etmə modelini dəstəkləyərək, gələcəkdə oxşar mexanizmlərin öz regionlarında tətbiqinə presedent yaratmaq istəyirlər. Səudiyyə Ərəbistanı üçün isə əsas məsələ təhlükəsizlik və sabitlikdir, əgər İran iqtisadi pay əldə edərsə, bu, onun hərbi eskalasiyaya marağını azalda bilər və enerji ixrac marşrutları daha proqnozlaşdırılan olar”.


 


R.Bayramov bu yanaşmanın arxasında duran əsas məntiqin təhlükəsizliyi gəlirə çevirmək olduğunu bildirib:


 


“Yəni İranın Hörmüz boğaz üzərində faktiki təsir imkanları qəbul edilir, lakin bu təsir hərbi nəzarətdən iqtisadi marağa transformasiya olunaraq daha idarəolunan formaya salınmaq istənilir. Başqa sözlə desək, İrana davranışı dəyişmək üçün cəza deyil, gəlir paylaşımı təklif olunur. Hüquqi aspektə gəldikdə isə İranın “düşmən ölkə” gəmiləri üçün diferensial rüsum tətbiqi ideyası ciddi şəkildə BMT çərçivəsində formalaşmış dövlətlərin dəniz üzərində hüquq və öhdəlikləri prinsipləri ilə ziddiyyət təşkil edə bilər. Xüsusilə tranzit keçid rejimi beynəlxalq boğazlarda ayrı-seçkiliyin yolverilməzliyini nəzərdə tutur. Hörmüz kimi qlobal əhəmiyyətli boğazlarda sahilyanı dövlətlərin suveren hüquqları olsa da, onlar beynəlxalq gəmiçiliyin fasiləsiz və ayrı-seçkisiz davamını təmin etməlidir. Yəni konkret ölkələrə qarşı yüksək rüsum və ya məhdudiyyət tətbiqi “azad keçid” prinsipinin pozulması kimi qiymətləndirilir. Bununla belə, hüquqi reallıq siyasi reallıqdan həmişə üstün olmur. İran öz təhlükəsizlik arqumentlərinə əsaslanaraq bu cür addımları legitimləşdirməyə çalışır, xüsusilə də bunu “qarşılıqlı cavab tədbiri” kimi təqdim etməklə. Nəticədə burada hüquqi mübahisədən daha çox güc balansı və beynəlxalq konsensus məsələsi ön plana çıxır. Əgər konsorsium modeli reallaşarsa, bu, həqiqətən də regionda son onilliklərin ən ciddi geosiyasi transformasiyalarından birinə çevriləcək, çünki ilk dəfə olaraq Hörmüz kimi kritik boğazın idarəçiliyi kollektiv və iqtisadi əsaslara söykənən mexanizmə keçmiş olar”.


 


Bəsti Rəfizadə


Sfera.az