Son günlər müşahidə olunan intensiv yağıntılar cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə sahilyanı ərazilərdə yaşayan insanlar arasında belə bir fikir formalaşıb ki, güclü yağışlar Xəzər dənizinin su səviyyəsinə birbaşa təsir göstərə bilər. Sosial şəbəkələrdə və gündəlik söhbətlərdə bu mövzu ətrafında fərqli yanaşmalar səsləndirilir və məsələ daha çox maraq doğurmağa başlayıb.




Bəs həqiqətən güclü və intensiv yağışlar dənizin səviyyəsinə təsir edə bilirmi?




Ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlamasında bildirib ki, bu, tamamilə yanlış fikirdir. Onun sözlərinə görə, Xəzər dənizinin okeanla birbaşa əlaqəsi olmasa da, o, dünyanın nəhəng su tutumlarından biridir və səviyyəsinin artması illər tələb edir:




“Xəzər dənizi 4 milyon kvadrat kilometrlik hövzədən su yığır. Bir sutkalıq güclü yağıntı Xəzərin səviyyəsinə əhəmiyyətli təsir göstərə bilməz. Xəzərin səviyyəsinin artma tendensiyası 1-2 il ərzində yox, yalnız 10-15 il ərzində davamlı güclü yağıntılar olarsa, nəzərəçarpacaq dərəcədə hiss oluna bilər. Artıq yağıntılar artmağa başlayıb və Azərbaycanın ən quraqlıq zonalarında belə 30-50%-dək artım müşahidə olunur. Düşünürəm ki, bu artım tendensiyası davam edəcək”.


 





Ekoloq qeyd edib ki, Xəzər dənizinin səviyyə tərəddüdü 40-50 illik dövrlərlə bağlıdır və həm quraqlıq, həm də yağışlı mərhələləri əhatə edir:




“Yəqin ki, növbəti 5-10 il ərzində bu səviyyə tədricən qalxmağa başlayacaq. Əslində, proses artıq başlayıb. Nəticədə Xəzər əvvəlki səviyyəsinə yaxınlaşacaq. Xəzərin geriyə çəkilməsi susuzluğa, infrastruktura və bioloji aləmə mənfi təsir göstərir. Eyni zamanda, su səviyyəsinin həddindən artıq artması da müəyyən problemlər yarada bilər. Belə bir təbii tendensiya var ki, ona müdaxilə etmək olmaz. Bəzi proqnozlara görə, səviyyənin artması 1950-cı illərdəki kimi bir dövrə təsadüf edəcək və 40-45 il ərzində Xəzər tam olaraq əvvəlki səviyyəsinə çatacaq”.




Niyaz Hacıyev

Sfera.az