ABŞ-nin yaxın günlərdə quru əməliyyatı keçirəcəyinə dair gözləntilər var. Bu ehtimalı ABŞ rəsmiləri də istisna etmirlər. Ehtimallara görə, quru əməliyyatları genişmiqyaslı olmayacaq, yalnız müəyyən lokal məqsədləri həyata keçirməyə xidmət edəcək. İddialara əsasən, hazırda ABŞ-nin əsas hədəflərindən biri İranın zənginləşdirdiyi nüvə yanacağını ələ keçirməkdir. Maraqlıdır, ABŞ bunun üçün xüsusi əməliyyat təşkil edə bilərmi?




Suallarımızı cavablandıran politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin əsas məqsədlərindən biri İranın nüvə proqramını nəzarətə götürməkdir.


 


Onun sözlərinə görə, Vaşinqton bu istiqamətdə müəyyən addımlar atacaq:




“İranın nüvə proqramı ilə yanaşı, uzaqmənzilli raket proqramlarının dayandırılması və Tehranın Yaxın Şərqdəki proksi (vəkil) qüvvələrinə verdiyi dəstəkdən imtina etməsi kimi məsələlər də aktualdır. ABŞ çalışır ki, bu problemlər öz həllini tapsın. Ehtimal ki, nüvə obyektlərinə zərbələr endirilməsi davam edəcək, ABŞ və İsrail tərəfindən nüvə alimlərinin hədəf alınması prosesi də dayandırılmayacaq. Burada əsas məsələ İranın əlində olan zənginləşdirilmiş urandır. Bu uranın gələcək taleyi ilə bağlı ciddi müzakirələr gedir. ABŞ-dəki bəzi dairələr onun beynəlxalq birliyə təhvil verilməsini, yaxud beynəlxalq nəzarət altında sülh məqsədilə istifadə edilməsini tələb edirlər”.


 





Politoloq vurğulayıb ki, quru əməliyyatlarının birbaşa nüvə obyektlərinə qarşı keçirilməsi bir qədər mübahisəli məsələdir:




“Ancaq İranın neftlə zəngin olan Xərq adasının ələ keçirilməsi istiqamətində ABŞ-nin quru əməliyyatına hazırlaşdığı barədə məlumatlar alırıq. Ola bilər ki, ABŞ Xərq adasına xüsusi təyinatlılarını yerləşdirmək üçün addımlar atsın. Çox güman ki, nüvə obyektlərinə endirilən zərbələr isə bundan sonra da davam edəcək”.


 


Niyaz Hacıyev

Sfera.az