İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a verdiyi müsahibədə Tehranın ABŞ və İsraildən davamlı sülhə nail olmaq üçün irəli sürdüyü tələbləri açıqlayıb.
Sfera.az xəbər verir ki, diplomat bu tələblərin dörd əsas bənddən ibarət olduğunu bildirib:
Təcavüz və terror aktlarının qəti və tam dayandırılması;
Müharibənin təkrarlanmasının qarşısını almaq üçün obyektiv və etibarlı təminatların verilməsi;
Maddi və mənəvi ziyana görə tam kompensasiyanın ödənilməsi;
Beynəlxalq dəniz təhlükəsizliyinin qorunması məqsədilə İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına hörmət edilməsi.
Cəlali qeyd edib ki, vasitəçilərin rolunu yüksək qiymətləndirsələr də, sülhün yalnız bu öhdəliklərin yerinə yetirilməsindən asılı olduğunu düşünürlər.
Onun sözlərinə görə, İran bölgədə sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş istənilən konstruktiv və səmimi təşəbbüsü dəstəkləyir. Lakin səfir vurğulayıb ki, ədalətli sülh və davamlı atəşkəs üçün təqdim olunan planlar mövcud reallıqları nəzərə almalı və irəli sürülən hüquqi-siyasi şərtlər yerinə yetirilməlidir.
Diplomat əlavə edib ki, İran təhdidin mənbəyi tam aradan qaldırılana qədər özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək. Cəlali həmçinin bildirib ki, Tehran diplomatik gündəliyində tərəfdaşlarla, o cümlədən Rusiya ilə məsləhətləşmələrə və koordinasiyaya xüsusi önəm verir.
Niyaz Hacıyev
Sfera.az