İsveçrənin hava monitorinqi agentliyi “IQAir” tərəfindən dərc edilən 2025-ci il üzrə Dünya Hava Keyfiyyəti Hesabatı qlobal hava çirkliliyinin hələ də ciddi problem olaraq qaldığını ortaya qoyub.
Sfera.az xaric mediaya istinadən xəbər verir ki, 143 ölkə və 9 446 şəhərdən toplanan məlumatlar hava çirkliliyinə qarşı mübarizədə bərpa olunan enerjiyə investisiyaların artırılmasının və təmiz enerji mənbələrinə keçidin vacibliyini bir daha gündəmə gətirib. Hesabata görə, dünyada yalnız 13 ölkə və bölgə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) illik PM2.5 üzrə 5 mikroqram/kubmetr limitinə cavab verə bilib.
Qeyd edək ki, PM2.5 havada diametri 2,5 mikrometrdən kiçik olan incə hissəciklərdir. Bu hissəciklər nəfəsalma zamanı ağciyərlərə daxil olaraq uzunmüddətli və ciddi sağlamlıq riskləri yarada bilir. Hesabatda bildirilib ki, Hindistanın paytaxtı Yeni Dehli 2025-ci ildə də yüksək çirklənmə səviyyəsini qoruyaraq ardıcıl səkkizinci dəfə dünyanın ən çirklənmiş paytaxt şəhəri olub. Mütəxəssislər bunu ölkənin elektrik enerjisi istehsalında əsasən qazıntı yanacaqlardan asılı olması ilə əlaqələndirirlər. Şəhərin enerji tələbatının mühüm hissəsinin milli şəbəkədən qarşılanması da bu mənzərəni gücləndirən amillərdən biri kimi göstərilir.
Ən çox çirklənmiş paytaxtlar sırasında Banqladeşin paytaxtı Dəkkə, Tacikistanın paytaxtı Düşənbə və Çadın paytaxtı Njamena da yer alıb. Əksinə, ən təmiz hava keyfiyyətinə malik paytaxtlar arasında Fransa Polineziyasının paytaxtı Papeete birinci olub. Puerto Rikonun paytaxtı San Juan və Barbadosun paytaxtı Bridctaun da siyahıda ön sıralarda qərarlaşıb. Hesabatda 2025-ci ildə hava keyfiyyətinin pisləşməsində ətraf mühit amillərinin də mühüm rol oynadığı vurğulanıb. Xüsusilə Kanada və Avropada baş verən rekord meşə yanğınları nəticəsində atmosferə yayılan hissəcik maddələrinin qlobal hava keyfiyyətinə mənfi təsir göstərdiyi qeyd olunub.
Hava çirkliliyinin əsas mənbələri kimi qalıq yanacaq istifadəsi, sənaye fəaliyyəti, nəqliyyat və enerji istehsalını göstərilir. Bununla yanaşı, məişət istilik sistemləri, kənd təsərrüfatı tullantılarının yandırılması və keyfiyyətsiz yanacaq istifadəsi də xüsusilə inkişaf etməkdə olan ölkələrdə çirklənməni artıran əsas amillər sırasında yer alıb. Hesabatda diqqət çəkən məqamlardan biri də süni intellekt məlumat mərkəzlərinin artan enerji tələbatı və dizel generatorlarından istifadənin yeni emissiya mənbəyi kimi önə çıxması olub. Bundan başqa, toz fırtınaları və vulkanik fəaliyyət kimi təbii hadisələrin də hava keyfiyyətinə mənfi təsir etdiyi vurğulanıb. IQAir hesabatı sonda hava çirkliliyi ilə mübarizədə davamlı nəticə əldə etmək üçün daha təmiz enerji mənbələrinə keçidin qaçılmaz olduğunu qeyd edib. Bildirilib ki, bərpa olunan enerjiyə investisiyaların artırılması təkcə emissiyaların azaldılması baxımından deyil, həm də ətraf mühitin qorunması və sağlamlıq risklərinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Fidan Hacızadə
Sfera.az