ABŞ dövlət katibi Marko Rubio Amerikanın İranın hava qüvvələri, donanması və raket-dron proqramını məhv etməyə və raket buraxılış sistemlərini zəiflətməyə çalışdığını və hazırda bu məqsədlərin böyük hissəsinə nail olduğunu açıqlayıb.
Rubionun sözlərinə görə, ABŞ İranın raket və dron zavodlarını məhv etmək və raket buraxılış sistemlərini ciddi şəkildə zəiflətmək niyyətindədir ki, Tehran qonşularına qarşı təkrar hücumlar həyata keçirə və ya Amerika qüvvələri və bölgədəki müttəfiqlərini təhdid edə bilməsin.
İranın hərbi potensialının zəiflədilməsi bölgədəki müttəfiqlərin təhlükəsizliyinə real təminat verəcəkmi?
Siyasi şərhçi Elnur Ənvəroğulu Sfera.az-a açıqlamasında bildirib ki, İranın hərbi potensialının zəiflədilməsi müəyyən hallarda təhlükəsizliyi artıra bilər, amma eyni zamanda yeni risklər də yarada bilər:
“Belə izah edək ki, İran hazırda proksi qüvvələrinə, yəni Livanda Hizbullah qüvvələrinə, Qəzzada HƏMAS-a, Yəməndə Husilərə, həmçinin İraqda hərbi qruplaşmalara arxalanır və bununla İsrail və ABŞ qüvvələrinin hücumlarının qarşısını ala bilir. Təsəvvür edək ki, onların tamamilə aradan qaldırılması və İranın bu vasitə ilə gücünün tükədilməsi İsrail və ABŞ-yə, xüsusilə də Körfəz dövlətlərinə nəfəs yolu verəcək və bölgədə, xüsusən də elə Körfəz ətrafında qarşıdurmanı bir qədər səngidəcək. Amma burada risk faktorunu da unutmamalıyıq. Deyək ki, proksi qüvvələr tərkisilah edildi, bundan sonra bölgədə sabitlikmi olacaq? Mən deyərdim xeyr”.
E.Ənvəroğlu qeyd edib ki, Yaxın şərq radikal qruplaşmaların hər zaman həssas bölgəsi kimi tanınıb:
“Burada həmişə bir qrup digərlərini əvəz edib. İranın İraqda, Suriyada və Yəməndə əlinin zəifləməsilə həmin ərazilərdə eyni zamanda güc boşluğu yarana bilmə təhlükəsi var. Dediyim kimi bu boşluğu daha radikal qruplar və ya qeyri-sabit aktorlar doldura bilər. Regional rəqabət (məsələn, Səudiyyə Ərəbistanı-İran xətti) daha da sərtləşə bilər. Yəni təhlükə sadəcə azalmır, bəzən formasını dəyişir. Bundan əlavə İranın zəiflədilməsi onun daxilində də xaos yarada bilər ki, bu da ətraf bölgələrə, eləcə də Cənubi Qafqaza sıçramaqla təsir edə bilər”.
Fidan Hacızadə
Sfera.az