“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişiklik edilib. Belə ki, müvafiq siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.
Maraqlıdır, bir neçə aylıq kurslar bakalavriat dönəmindəki təhsili əvəz edə bilərmi? Yeni qərarla pedaqoji təhsil alanlarla, qeyri-pedaqoji şəxslərin bilik və bacarıqları eyni olacaqmı? Onlar eyni şərtlərlə yarışmalıdırlarmı?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, pedaqoji fəaliyyətlə məşğul olma qaydası Nazirlər Kabineti tərəfindən bir neçə müddət əvvəl təsdiqlənib və hər il Elm və Təhsil Nazirliyi həmin qayda əsasında təqdim olunan siyahı ilə müvafiq qeyri-pedaqoji ixtisası bitirən namizədlərin MİQ imtahanına cəlbi həyata keçirilir:
“Hal-hazırkı dəyişiklik ondan ibarətdir ki, təqdim olunan siyahıda qeyri-pedaqoji ixtisasları bitirən şəxslər müvafiq olaraq MİQ imtahanına qatılırlar və ixtisasları pedaqoji ixtisasa uyğun olsa da, onların sırf pedaqoji fəaliyyətlə məşğul olmaları ilə bağlı bəzi metodlar kurslar vasitəsilə deyil, Elm və Təhsil Nazirliyinə tabeli Təhsil İnstitutu və ya MİQ-in tabeliyində müvafiq metodistlər tərəfindən keçirilən təlim dövrü ilə təmin olunur ki, pedaqoji fəaliyyətdə hər hansı narahatlıq yaranmasın”.
“Bu olduqca mütərəqqi addımdır”, - deyən ekspert məsələnin mahiyyətini də izah edib:
“Məsələn, fizika ixtisasını bitirən şəxs fizika müəllimi kimi fəaliyyət göstərə bilsə də, ona pedaqoji bilik və bacarıqların formalaşması vacibdir. Eyni qayda kimya və ya informasiya təhlükəsizliyi ixtisaslıların informatika və rəqəmsal bacarıqlarla bağlı dərs deməsi üçün də tətbiq olunur. Onlar pedaqoji yöndə müəyyən alətləri bilməlidirlər. Belə olan halda, həmin şəxslər MİQ imtahanında iştirak edir və nəticələrə əsasən müəyyən vakant yerlərin seçimində iştirak edə biləcəklər. Qeyri-pedaqoji ixtisaslarla pedaqoji təhsili olanlar artıq rəqabətlidir və ilkin yerləşdirmə zamanı əvvəlcə konkret pedaqoji ixtisas sahibləri yerləşdirilir, sonra qeyri-pedaqoji sahədən gələnlər təlimlərə cəlb olunur və prosesdə iştirakına icazə verilir”.
Bəsti Rəfizadə
Sfera.az