NVIDIA şirkətinin yeni nəsil “GeForce RTX 60” seriyalı videokartlarının texniki xüsusiyyətləri ilə bağlı ilk məlumatlar ortaya çıxıb. Süni intellekt və şüa izləmə texnologiyalarında ciddi performans artımı vəd edən yeni seriyanın Rubin qrafik arxitekturası əsasında hazırlanacağı bildirilib.


 


Sfera.az xəbər verir ki, məlumata görə, NVIDIA ənənəvi olaraq tətbiq etdiyi təxminən iki illik yenilənmə dövrünə sadiq qalaraq “RTX 60” seriyası üzərində işləri davam etdirir. Şirkətin süni intellekt yönümlü məhsullarında istifadə edilən Rubin arxitekturası ilk dəfə olaraq oyun üçün nəzərdə tutulmuş videokartlara inteqrasiya olunacaq. Yeni nəsil videokartların TSMC şirkətinin 3 nanometrlik istehsal prosesinin xüsusi variantı ilə hazırlanacağı qeyd edilib. Bu texnologiya qrafik prosessorların saat tezliyinin 2-3 GHz intervalında işləməsinə imkan yaradacaq. Bildirilib ki, Rubin arxitekturası ənənəvi qrafik performansında təxminən 30-35 faiz artım təmin edəcək. RTX 60 seriyası altıncı nəsil Tensor nüvələri və beşinci nəsil RT nüvələri ilə təchiz olunacaq.


 


Yeni Tensor nüvələrinin DLSS 5 texnologiyasını daha səmərəli işlətməsi gözlənilir. İlkin sınaqlarda iki ədəd “RTX 5090” tələb edən bu texnologiyanın artıq tək bir videokart üzərində işlədilə biləcəyi qeyd olunub. Beşinci nəsil RT nüvələrinin isə “Blackwell” arxitekturası ilə müqayisədə real vaxt rejimində yol izləmə performansını iki dəfə artıracağı bildirilib. Seriyanın flaqman modeli hesab olunan “RTX 6090”un 32 GB yaddaş həcmini və 512 bitlik GDDR7 yaddaş interfeysini qoruyacağı gözlənilir. “RTX 6080” modelinin 320 bit interfeys və 20 GB yaddaşla, “RTX 6070” modelinin isə 256 bit interfeys və 16 GB yaddaşla təqdim ediləcəyi ehtimal edilir.


 


Bəsti Rəfizadə


Sfera.az