Yaxın Şərqdə gərginlik pik həddə çatdığı bir vaxtda Donald Trampın açıqlaması diqqət çəkir. O deyib ki, Vaşinqton yaxın həftələrdə hərbi əməliyyatları dayandıra bilər. Bu bəyanat regionda müharibənin bitməsi deməkdir, yoxsa sadəcə qüvvələrin yenidən qruplaşdırılması üçün taktiki pauza?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, Tramp gündə bir söz dediyi üçün özü haqqında qeyri-ciddi lider görüntüsü yaradıb.
Politoloq Trampda demensiya xəstəliyinin əlamətlərini müşahidə etməyə başladığını vurğulayıb:
“Ağlı başında adam deməz ki, İrandan mənə ali dini lider olmaq üçün təklif gəldi, amma mən imtina etdim. Buna artıq psixoz demək olar. Tramp bir gün deyir, hücum edəcəyik, bir gün deyir ki, qalib gəlmişik. Müharibənin əvvəlində də demişdim ki, bu müharibə uzunmüddətli olmayacaq. Bu da müharibə deyil, əslində qarşıdurmadır çünki müharibə üçün quru qoşunları arasında döyüş olmalıdır”.
Politoloq qeyd edib ki, 12 günlük qarşıdurmadakı kimi yenə bu dəfə hər kəs özünü qalib elan edəcək:
“Tramp İranın bir çox nöqtələrini vurduğunu və qalib gəldiyini deyəcək. O əvvəl də bildirmişdi ki, İran bir neçə il geri atıldı və istehsal edə bilməyəcək. İranda da özlərini qalib elan edəcəklər”.
Ə.Məmmədlinin fikrincə bir müddətdən sonra İranda etirazlar böyüyəcək:
“Bir neçə il keçdikdən sonra İranın iqtisadi vəziyyətinə görə yenə ölkədə etirazlar başlayacaq. Rejim xarici müdaxilədən çox daxildəki etirazlara hazır olmalıdır. Daxildəki rejimin qısa müddətdə yıxılmasına səbəb olmasa da, hər etiraz dalğası oradakı hakimiyyətə zərər vurur. Bu etirazlar davam etsə, İran üçün əsas çətinlik bu olacaq, nəinki Trampın İrana raket zərbəsi”.
Firuzə Əliyeva
Sfera.az