Bu günlərdə sosial media həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hər birimiz sosial platformalarda öz fikirlərimizi paylaşır, dostlarımızla əlaqə saxlayır, anlarımıza şərh yazırıq.
Lakin bu, yalnız fərdi həyatımıza təsir etməkdə qalmır, həm də cütlüklər arasındakı münasibətlərə də mühüm təsirlər göstərir. Sosial medianın evliliklərə təsiri xüsusilə emosional uzaqlıq, qısqanclıq və ünsiyyət problemləri kimi ciddi məsələlərə səbəb ola bilir.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ondokuz May Universitetinin (OMÜ) Təhsil fakültəsinin rəhbərlik və psixoloji məsləhət şöbəsinin müdiri, professor dr. Hatice Kumcağız sosial medianın evliliklərə yaratdığı təhlükələrdən danışarkən bu platformaların cütlüklər arasında qısqanclıq hissi yaratdığını vurğulayıb. Sosial mediada başqalarının həyatlarının xüsusilə “ideal” görüntülərinin paylaşıldığı bir mühitdə şəxslər öz münasibətlərini müqayisə etməyə başlayır.
Bu da zamanla münasibətlərin zəifləməsinə, qarşılıqlı inamsızlıq və qısqanclıq duyğularına səbəb ola bilər. Bununla yanaşı, sosial media cütlüklərin bir-birinə emosional olaraq yaxın olmalarına mane ola bilər. Hətta eyni otaqda otursalar da sosial medianın təsiri ilə bir-birlərindən uzaqlaşa bilərlər. Bu da evliliklərdə əlaqənin zəifləməsinə və ümumilikdə daha az ünsiyyətə səbəb olur. Sosial medianın boşanmalara birbaşa təsiri olmasa da dolaylı yolla münasibətləri pisləşdirərək boşanmalara gətirib çıxara bilər. Lakin sosial medianın müsbət tərəfləri də mövcuddur.
Uzaq məsafələrdə yaşayan cütlüklər, sosial media vasitəsilə əlaqədə qalmaq, bir-birlərinə dəstək olmaq və sevgilərini ifadə etmək imkanı tapırlar. Bu da əlaqələrini qorumağa kömək edir. Ailələr xüsusən də bir yerdə olduqları zaman sosial mediadan uzaq durmalı və qarşılıqlı ünsiyyətə daha çox vaxt ayırmalıdırlar.
Mənsumə
Sfera.az