“The Wall Street Journal” qəzeti ərəb rəsmilərinə istinadən məlumat yayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin İran hücumlarından sonra Hörmüz boğazının güc tətbiq etməklə açılması məsələsində ABŞ və digər müttəfiqlərə dəstək verməyə hazırlaşdığı bildirilir.
Məlumata görə, Əbu-Dabi bu məqsədlə BMT Təhlükəsizlik Şurasında belə addımlara icazə verən qətnamənin qəbul olunmasına çalışır. Bildirilir ki, BƏƏ diplomatları ABŞ ilə yanaşı Avropa və Asiyanın hərbi gücə malik ölkələrini də boğazın açılması üçün koalisiya yaratmağa çağırırlar.
Güc tətbiqinə İranın reaksiyası necə ola bilər? Bu hadisə qlobal enerji bazarlarına necə təsir göstərə bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Şakir Ağayevin sözlərinə əsasən, belə bir məlumat var ki, Körfəz ölkələri, ilk növbədə Birləşmiş Ərəb Əmirlikləri, Hörmüz boğazının açılması üçün bir koalisiya yaratmaq və ABŞ-yə dəstək vermək istəyirlər:
“Onlar Hörmüz boğazının istənilən vasitə ilə açılmasının tərəfdarıdırlar. Çünki boğazın bağlanması ilk növbədə Körfəz ölkələrinin, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatına çox ciddi zərbə vurur. Bu, enerji satışını demək olar ki, dayandırıb. Əgər əvvəllər gün ərzində bu marşrutdan 180-ə yaxın gəmi keçirdisə, indi söhbət cəmi 5-6 tankerdən gedir. Onlar da yalnız İranın icazə verdiyi gəmilərdir və ya İran hər gəmi üçün təxminən 2 milyon dollar tələb edir. Təbii ki, bu, həmin ölkələrin iqtisadiyyatını çökdürə biləcək qədər ciddi təhlükə yaradır. İranın reaksiyası isə göz önündədir. Tehran dəfələrlə bəyan edib ki, əgər Körfəz ölkələri ərazisində yerləşən Amerika bazalarına görə İran hücuma məruz qalırsa, bu ölkələr də hədəfə çevrilə bilər. Bu isə çox ağır nəticələr verə, müharibənin həm miqyasını, həm də coğrafiyasını ciddi şəkildə genişləndirə bilər”.
Siyasi şərhçi əlavə edib ki, əgər Körfəz ölkələri müharibəyə birbaşa qoşularsa, İran onların bütün infrastrukturunu hədəf ala bilər:
“Bu isə eskalasiyanı daha da gücləndirər və bütün Yaxın Şərqi alova bürüyə bilər. Bu gün təkcə Hörmüz boğazının bağlanması belə dünya enerji sistemini böyük böhranla üz-üzə qoysa, əgər buna Körfəz ölkələrinin də birbaşa müharibəyə cəlb olunması əlavə olunsa, qlobal enerji bazarı, inanın ki, çökə bilər. Məhz buna görə mən hesab etmirəm ki, bu ölkələr müharibə yolu ilə bu məsələyə həll tapmağa çalışsınlar. Çünki bu, onları çox ağır bir müharibənin içinə çəkə bilər. Ola bilsin ki, elə məhz bunu İsrail də, Amerika da istəyir. Amma belə bir ssenari nəinki həmin ölkələrin, ümumilikdə dünya enerji sisteminin çökməsinə gətirib çıxara bilər”.
Fidan Hacızadə
Sfera.az