İsrail diplomatları ABŞ-li həmkarları ilə birlikdə İrana qarşı Yaxın Şərqdə ərəb ölkələrini əhatə edəcək hərbi ittififaqın yaradılması imkanlarını araşdırırlar.
Sfera.az xəbər verir ki, bu barədə “Al-Monitor” portalı məlumat yayıb. Məlumata görə, Yaxın Şərqdə ABŞ-nin rəhbərlik etdiyi NATO-ya bənzər regional ittifaqın formalaşdırılmasına dəstək getdikcə artır.
Bildirilir ki, İsrail bu prosesdə və İranın zəiflədilməsi istiqamətində əsas rol oynamağa hazırdır və artıq bu istiqamətdə amerikalılarla müzakirələr aparılır. İsrail hakimiyyəti hesab edir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələri də İrana qarşı mövqedə maraqlıdır. Onların fikrincə, bu ölkələr İranın daha sərt xarici siyasət yürütməsindən ehtiyat edir. Bildirilib ki, İsrail ilə İbrahim Sazişlərinə hələ qoşulmayan dövlətlər də daxil olmaqla, Körfəz ölkələrinin əksəriyyəti belə bir ittifaqa qoşulmaq ehtimalını nəzərdən keçirir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, ölkənin bir sıra iri şəhərləri hədəfə alınıb. Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib. Eyni zamanda, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı ərazisində yerləşən ABŞ hədəflərinin də vurulduğu bildirilir.
Niyaz Hacıyev
Sfera.az